Ramiz Qusarçaylı :- Xınalığın
Hər daş bir kitab,-incidi,
Atəşgah od qılıncıdı,
Özüm baxdım,
dörd məscidi,-
Qırx piri var Xınalığın.
Buzbulaq güllü qafiyə,
Şəlalə telli qafiyə,
Sükutu dilli qafiyə,
Yüz şeiri var Xınalığın.
Gül arının şan dağları,
Lalə bağrı qan dağları,
Qoy küsməsin Xan dağları
Şah yeri var Xınalığın.
Heyrət dindi, dərd toxtadı,
Ömrün sonu dörd taxtadı,
Dünya köhnə nərd taxtadı
Öz zəri var Xınalığın.
Bir qartaldı,-bax başına,
Qonub uca dağ başına,
Şah dağının ağ başına
Bənzəri var Xınalığın...