Ramiz Qusarçaylı : - Gilənar

Ədəbiyyat 09:43 / 23.04.2025 Baxış sayı: 1290

 

Yer Göyə bənd, bəs Göy nəyə,

Ölləm göynəyə-göynəyə,

İki dünya bir köynəyə

Dar gələsi, ay Gilənar, ay Gilənar...

"Bəhri divanə" irsimin

Qopuz kimi öz tilsimi,

Eşq özü də iki simin

Bir naləsi ay Gilənar, ay Gilənar...

"Baş müxəmməs" şah beytimdi,

"Baş sarıtel" ah beytimdi,

"Kərəmi"mdi, "Dübeyti"mdi

Yar tələsi, ay Gilənar, ay Gilənar...

"Dərbəndi" dərd dənim kimi,

"Laçını" dağ çənim kimi,

"Yurd yeri"nin mənim kimi

Var dəlisi, ay Gilənar, ay Gilənar...

Dilimdə o gülün adı,

"Zarıncı"dı, "Qaytarma"dı,

Neyçün məni qaytarmadı,

Bir beləsi ay Gilənar, ay Gilənar...

Bir albalı, irqa və tumlu meyvə ağacı şəkili ola bilər