Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas : -  İSA HƏBİBBƏYLİ – MUSİQİ DÜNYAMIZA AKADEMİK DƏRK BUCAĞINDAN

NEOREALİST TARİXİ BAXIŞ...

Elm 10:19 / 10.06.2025 Baxış sayı: 1611

 

(Akademikin ədəbi portreti janrında)

 

“Hər nəsil yer üstə bir xal vurubdu,

Hər xalq  tanınıbdır qalan iziylə.

Babəklər vətəni, Koroğlu yurdu

Həm də şöhrət tapıb öz müsiqisiylə.”

(İsa Həbibbəyli, “Mahnı çələngi”)

 

 

BÖYÜK ƏDƏBİYYATŞÜNAS ALİM VƏ NƏZƏRİYYƏÇİ AKADEMİK Akademik İsa Həbibbəylini lap çoxdan, 70-ci illərdən, aspiranturada oxuduğumuz illərdən tanıyıram.  Amma heç vaxt düşünmürdüm ki, bu görkəmli alim mənim uzun illər çalışdığım İnstituta nə vaxtsa rəhbərlik edəcək. Çünki o, uzun illər idi ki, doğulub boya-başa çatdığı bir məkanda öz işi ilə hörmət və şöhrət qazanmış, böyük nüfuz sahibi olmuşdu... Və elə bu nüfuzun sayəsində o, elm aləminin ən şərəfli pillələri ilə yüksələrək xalqına, vətəninə, Azərbaycanına  ləyaqətlə xidmətdədir...

  Müasir, gənc oxucularıma tanışlıq məqsədi ilə akademik İsa Həbibbəylinin keçdiyi şərəfli elmi yoldan qısa bir arayış təqdim edirəm:

“AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə qiyabi təhsil almışdır (1973–1977). "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik (57.15.01 — Ədəbiyyat nəzəriyyəsi) (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (5716.01 — Azərbaycan ədəbiyyatı tarixi) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997); 2001-ci ildə AMEA-nın müxbir üzvü

(ixtisasın adı: Azərbaycan ədəbiyyatı), 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilmişdir; 89-dan çox kitabın, 1500-dən çox məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir; 39 fəlsəfə doktoru, 16 elmlər doktorunun elmi rəhbəri olmuşdurvə bu proses davam etməkdədir; əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. ölkə dillərində çap olunmuşdur; tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə,

Çin, Rusiya, Fransa, İtaliya, Türkiyə, Almaniya, Polşa, CənubiKoreya, İspaniya,

İran, İraq, Bolqarıstan, Avstriya, Litva, Misir ƏrəbRespublikası, Tunis, Ukrayna,

Pakistan, Macarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Monqolustan, Qırğızıstan, Misir və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmiş, Azərbaycan filoloji elmini, demək olar ki, dünya çapında təqdiminə nail olmuşdur...

     Akademik İsa Həbibbəyli Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun (1999), Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının (2001), BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (2006), Beynəlxalq Çingiz Aytmatov Akademiyasının (2018), Qazaxıstan Elmlər Akademiyasının (2023), Çin Xalq Respublikasının Honq-Konq Akademiyasının həqiqi üzvüdür (2023), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (2024), Türkiyə Elmlər Akademiyasının (TÜBA) və digər xarici ölkə Akademiyalarının həqiqi və fəxri üzvüdür... Həmçinin,  Sankt-Peterburq Universitetinin (2015), Cənubi Rusiya Universitetinin (2017), Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin(2021), Cənubi Rusiya Universitetinin fəxri doktorudur...

   Həmçinin, 1999-cu ildə — Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2007-ci ildə — "Şöhrət" ordeni , 2009-cu ildə — "Şərəf" ordeni ilə təltif olunmuş, hələ burada qeyd etmədiyimiz onlarla təltifləri, xidmətləri vardır və göründüyü kimi, fəxr ediləsi elm xadimi, Azərbaycanı dünya elm aləmində ləyaqətlə təmsil edən görkəmli şəxsiyyətdir...

 

2013-cü ildə akademik İsa Həbibbəylinin həm AMEA-ya birinci vitse-prezident və eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin olunmasını çoxları kimi, mən də rəğbətlə qarşıladım. On iki il keşir və bu müddətdə həm Nizami adına Ədəbiyyat İnstitutunda, həmçinin Akademiyanın ictimai elmləri tədqiq edən institutlarında, deyərdim ki, bütün istiqamət və parametrlərdə yaxşıya doğru unqilabi inkişaf baş veridi...

    Bu inkişafın bir sıra  əsas istiqamət və ştrixlərini xatırlamaq yerinə düşər. Akademiyada Nizamnamə Komissiyası onun sədrliyi ilə 2013-2014-cü illərdə müstəqillik dövrü Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlanıb təsdiq edilməsinə nail olmuşdur. İsa Həbibbəyli Azərbaycançılıq konsepsiyasına dair layihə hazırlayıb çap etdirməklə bərabər, eyni zamanda "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası"nın da müəllifidir. Onun təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələri, Füzulişünaslıq sektoru, Beynəlxalq əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil şöbəsi kimi köməkçi şöbələr də yaradılmışdır. Milli Elmlər Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra beynəlxalq elmi konfransların keçirilməsi və xarici ölkələrin elmi qurumları ilə geniş əlaqələrin yaradılması İsa Həbibbəylinin gərgin əməyinin nəticəsidir. Onun təşəbbüsü ilə 2014-cü ildən respublika miqyasında və beynəlxalq səviyyədə "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" mövzusunda simpoziumlar keçirilir. Görkəmli alimin kitablarından bəzilərinin adlarını bir daha xatırlatmaq istərdim: "Romantik lirikanın imkanları", "Ədəbi yüksəliş", "Ədəbiyyat nəzəriyyəsi", "Cəlil Məmmədquluzadə", "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri", "Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının əsas tarixləri", "Məhtimqulu Fəraqi", "Yollar şeirdən başlanmışdı", "Akademik Səməd Vurğun Vəkilov", "Xalq şairi Məmməd Araz", "Ustad Məhəmmədhüseyn Şəhriyar", "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti", "Ədəbi şəxsiyyət və zaman", "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları", "Nuhçıxandan - Naxçıvana", "Ədəbi-tarixi yaddaş və müasirlik", "Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi", "Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr", "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik", "Duzdağ mozaikası", "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" və s.

Yeri gəlmişkən, qeyd edək ki, akademik İsa Həbibbəylifundamental şəkildə ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə satiranın ədəbi növ, erkən realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan olduğunu müəyyən etmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini irəli sürmüşdür. Azərbaycançılıq, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX–XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları vardır...

Akademik İsa Həbibbəylinin çap olunmuş çoxsaylı dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişləri də təhsil və maarif işçiləri üçün böyük pedaqoji-tədris əhəmiyyətinə malikdir.  Bütün bunlar onun elm sahəsindətəşkilatçı kimi fəaliyyətinin operativ və perspektivli tutarlı cəhətlərinin müəyyən bir qismidir...

  Göründüyü kimi, universallıq, polifonizm akademik İsa Hәbibbәylinin elmi fәaliyyәtinin aparıcı xüsusiyyәtidir. Bundan başqa, o, tarix, folklorşünaslıq, әdәbi әlaqәlәr, mühacirәt әdәbiyyatı, sәnәtşünaslıq, teatr tarixi kimi sahәlәrdә dә axtarışlar aparmış, kitablar vә mәqalәlәr nәşr etdirmişdir...

  İsa Həbibbəyli həm də, incə ruhlu, şair qəlbli, zərif ruhlu qələm sahibidir...  İsa Həbibbəylinin ilk gənclik illərindən şeir yazması da məlumdur. İsa Hәbibbәylinin 2016-cı ildә nәşr olunmuş “Yollar şeirdәn başlanmışdı” kitabında onun müxtәlif illәrdә yazdığı şeirlәri, hekayә vә pyesi, şeirlәrinә bәstәlәnmiş mahnılar vә tәrcümә etdiyi әsәrlәr toplanılmışdır.

Hətta onun bir sıra şeirlərinə musiqi də bəstələnmiş, sözləri ona məxsus olan "Mənin Naxçıvanım" (musiqisi Aqşin Əlizadə) və "Akademiya marşı" (musiqisi Vaqif Gərayzadə),“Naxçıvan – Van” (musiqisi Əli Əlizadə), “Bura Şərurdur” (musiqisi Ramiz Mirişli), “Arpaçay mahnısı” (musiqisi Tofiq Bakıxanov), “Gəzəlliklər  nəğməkarı” (musiqisi Tofiq Bakıxanov) yüksək səviyyədə respublika ictimaiyyətinə təqdim olunmuşdur... İsa müəllim həm də ssenarilər müəllifidir, bir sıra teatr tamaşalarında və filmlərdə ədəbi məsləhətçi kimi iştirak etmişdir...

  Belə ki, akademik İsa Hәbibbәyli Azәrbaycan Elmlәr Akademiyasına hәsr olunmuş “Elm mәbәdi” sәnәdli filminin, “Akademiya marşı”nın müәllifidir. Bәstәkar Vaqif Gәrayzadәnin musiqisini yazdığı “Akademiya marşı” 2014 vә 2016-cı illәrdә Bakı Elm Festivalında sәslәndirilmişdir. Və yaxşı olar ki, həm də, vacib hesab edirəm ki, Akademiyanın təşkil etdiyi elmi konfransların, müsamirələrin, genişləndirilmiş elmi şuraların, beynəlxalq elmi tədbirlərin, illik elmihesabatların açılşında bu marş mütamadi səsləndirilsin...

Akademik İsa Həbibbəyli ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 1998-2005- ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 2005-ci ildən bu günə qədər isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyətini davam etdirməkdədir. Deputat İsa Həbibbəyli 2015-ci ildən etibarən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir...Onun rәhbәrliyi ilә Azәrbaycan Respublikasının “Elm haqqında” (2015), “Mәktәbәqәdәr tәhsil haqqında” (2016), “Peşә tәhsili haqqında” (2017) qanunlar hazırlanıb qәbul edilmişdir...

  İsa Həbibbəylinin elmi, ictimai fəaliyyəti haqqında nüfuzlu qələm sahibləri onlarla məqalə, neçə-neçə kitab və monoqrafiya yazıb nəşr etdirmişlər. 

    İsa Həbibbəyli elmə ayaq açdığı gənclik illərindən akademik, bizim orta məktəb ədəbiyyat dərsliklərimizin müəllifi Məmməd Arif, prof. Mirzəağa Quluzadə ( o vaxtlardan, ömrünün sonuna qədər İnstitutun direktoru vəzifəsində işlədi...), böyük Abdulla Şaiqin oğlu, mənim elmi rəhbərim, prof. Kamal Talıbzadə ( direktorun müavini vəzifəsində çalışırdı), akademik, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Məmməd Cəfər, prof. Məmmədhüseyin Təhmasib, akademik Bəkir Nəbiyev, Yəhya Seyidov, Mirəlı Seyidov, Balaş Azəroğlu, Qasım Qasımzadə, Xəlil Rza (sonralar “Ulutürk” təxəllüsünü götürdü), Kamran Məmmədov, Qulamhüseyin Beqdeli, Azədə Rüstəmova, Məsud Əlıoğlu, Həbib Babayev, Yaqub İsmayılov, Atif Zeynallı, Fəridə Vəlıxanova, o vaxtlar qaynar fəallıqları ilə sayilan - seçilən Elçin Əfəndiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Sokrat Musayev, Teymur Əhmədov, Akif Hüseyinov, Aybəniz Vəkilova ( Səməd Vürğunun qızı), Şamil Salmanov, Arif Abdullazadə, İslam Ağayev, Əflətun Saraclı və adları bu yazıya sığışmayan, hərəsi bir elm, fikir nəhəngi olan onlarla elm adamları ( dünyasını dəyişənlərin hamısına allahdan rəhmət, sağ qalanlara uzun ömür arzulayıram) ilə bir İnstitut divarları arasında təmasda, ünsiyyətdə olmuş o vaxtkı elmə təzə gələn biz gənclərdə (İsa Həbibbəyli, Bəhlul Abdullayev, Vaqif Arzumanlı, Qurban Bayramov, Timurçin Əfəndiyev, Rza Xəlilov, Firuzə Köçərli, Nəzakət Qafqazlı və s.) olduqça məsuliyyətli anlarla yanaşı, şərəf və fəxr hissləri də doğururdu...

 

  Məqamıdır, qeyd edək ki, yuxarıda adlarını çəkdiyim klassik әdәbiyyatşünasların əksəriyyəti, eləcə də, bunlardan  Mәmmәd Cәfәr Cәfәrov, Mirzağa Quluzadә, Yaşar Qarayev, Әziz Mirәhmәdov, Kamal Talıbzadә, Kamran Mәmmәdov vә başqaları ilә yaxın ünsiyyәtdә olması və onları özünə müəllim hesab etməsi bu cəfakeş tәdqiqatçının elmi dünyagörüşünün, xarakterinin, alim şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdır. Mәhz Mәmmәd Cәfәr Cәfәrova mәxsus müdriklik, dәrinlik vә sadәlik, Abbas Zamanovun vәtәndaşlıq mövqeyi, Әziz Mirәhmәdovun dәqiqliyi vә mәsuliyyәti, Yaşar Qarayevin emosional-fəlsəfi tədqiqat üsulu, Kamal Talıbzadənin ədəbi tənqidə aid tarixi faktlarla müasir ədəbi tənqid qovuşuğunda işləmək bacarığı, Kamran Məmmədovun ədəbi şəxsiyyətlərə monoqrafik masştabda baxış səriştəsi və s. bu qəbildən kreativ cəhətlər İsa Hәbibbәylinin elmi fәaliyyәtindә cəmləşərək aydın surәtdә ifadә olunur... Sanki, İsa Həbibbəyli bu nəhəng ədəbiyyatşünasları müasir elmi-nəzəri prosesdə öz şəxsində birləşdirir... Geniş elmi dünyagörüş, pozulmaz yaddaş, natiqlik səriştəsi, nәciblik vә xeyirxahlıq, mәsuliyyәt vә sәdaqәt, habelә yorulmaz fәaliyyәt İsa Hәbibbәylinin yaradıcı alim xarakterinin әsas xüsusiyyәtlәrini özündә cәmlәşdirir...

Həmçinin, İsa Həbibbəyli ilk tədqiqat illərindən görkәmli әdәbiyyatşünaslarımız Mәmmәd Cәfәr Cәfәrov, Kamal Talıbzadә, Әziz Mirәhmәdov, Abbas Zamanov, Yaşar Qarayev,  Kamran Mәmmәdovun diqqәtini cәlb etmiş, onlar tərəfindən tәdqiqatı yüksәk qiymәtlәndirilmişdir... Sonrakı illərdə, demək olar ki, əksər tanınmış elm adamları, qələm sahibləri, həmkarları onun şəxsiyyətini və yaradıcılığını dəyərləndirmişlər... Onun barəsində akademik Teymur Kərimlinin "Şərqin qapısından dünyaya" və filologiya elmləri doktoru, professor Yusif Seyidovun "Akademik İsa Həbibbəyli" kitabları bu cəhətləri, xüsusiyyətləri dəyərincə əks etdirmişlər...

"Böyük ömrün illəri və əsərləri" adlı məqalədə  AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyev yazırlar: "Akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir. Böyük ədəbiyyatşünas alimin, tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin elmi araşdırmaları Azərbaycanda ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir".

   Akademik Teymur Kərimlinin aşağıdakı fikirləri də, öz həmkarı barəsində həqiqəti ehtiva edir: "İsa Həbibbəylinin müəllimliyi ilə alimliyi bir-birini tamamlayan və biri-digərinin inkişafına stimul verən, bir-birindən ilham alan iki fərdi keyfiyyət, iki ayrılmaz əlamət kimi onun həyat və zəhmət, yaradıcılıq və fəaliyyət yollarında qoşa addımlamaqdadır".

    Xalq  yazıçısı Anarın fikridir: “AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mənim məslək dostumdur. Bu, sözün hər iki mənasında: peşədaşlıq anlamında da, (ikimiz də ədəbiyyat adamlarıyıq), əqidə anlamında da (ədəbiyyatımıza, onun tarixinə, mənəvi dəyərlərə eyni yöndən yanaşırıq).

İsa Həbibbəyli ilə ruh yaxınlığımız hər ikimizin böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadəyə duyduğumuz qibtə hissiylə başladı.”  ...“İsa müəllimin bütün bu sahələrə səriştəli, professional münasibəti onun şəxsiyyətinin intellektual zənginliyinin göstəricisidir. Ədəbiyyatşünaslıq, tarix, dilşünaslıq, fəlsəfə, şərqşünaslıq, folklorla bərabər, həm də musiqi, rəssamlıq, heykəltaraşlıq sahəsinə ixtisaslaşmış peşəkar mütəxəssis kimi yanaşması heyrətamizdir. Peşəkar musiqi təhsili almayan və ya təsviri sənətlə bilavasitə məşğul olmayan alimin bəstəkarlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, musiqiçilərimizin sənətinə, hələ teatr və kino əsərlərini demirəm, belə dərin peşəkarlıqla yanaşması qibtə doğurur. İsa Həbibbəylinin dünya şöhrətli xalq rəssamı Tahir Salahov, böyük heykəltaraş Ömər Eldarov, məşhur pianoçu Fərhad Bədəlbəyli, adlı-sanlı bəstəkar Firəngiz Əlizadə haqqında yazdıqları və çıxışları nəinki peşəkar sənətşünasları və musiqişünasları, hətta haqlarında çox sözlər deyilmiş bu sənətkarların özlərini də düşündürüb. İsa müəllimin Akademiyanın prezidenti kimi Azərbaycan tarixinin, musiqişünaslığın, fəlsəfi fikrinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinə, milli fəlsəfi fikir və idealist fəlsəfə anlayışlarına, türkologiya elminə, İraq-Türkman ədəbiyyatına və Qərbi Azərbaycan tarixinə qayıdış sahəsində başlatdığı işlər ictimai və humanitar elmlərimizin yenidən formalaşdırılmasına yol açıb.” ( Bax: «Həbibbəylinin 75 yaşına: Məslək dostluğu və yorulmazlıq örnəyi – ANAR.” , “Ədəbiyyat qəzeti”, 14.10.2024.)

  İsa Həbibbəylinin lap təzəcə işıq üzü görən “Musiqi dünyası” (Bakı, “Elm və təhsil” 2025, 244 səh.)  kitabı bu faktın bariz nümunəsidir. Kitabda akademik İsa Həbibbəylinin musiqi sənətinə və görkəmli musiqi xadimlərinə, Azərbaycan musiqi elminin nəzəri-fələfi əsaslarını yaratmış  - Əbdülqadir Marağayi, Səfiəddin Urməvi, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəylidən tutmuş Müslüm Maqomayev, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, musiqi nəzəriyyəçisi və tədqiqatçısı akademik Zemfira Səfərova, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Xuraman Qasımova, Ağacəbrayıl Abasəliyevə qədər sənət adamları barəsində qələmə aldığıı portret oçerklər də, Xalq Yazıçısı Anarın müşahidə etdiyi faktların davamıdır... İsa Həbibbəylinin bu əsəri də, digər elmi-nəzəri, püblisistik, ədəbi-bədii əsərləri təkin milli lmi elitanın formalaşması məqsədi güdür... Deyərdim ki, “Musiqili dünyamız” kitabı profesional müsiqi sənətimizin izahlı, şərhli, universal ensklopediyasıdır...

    İsa Həbibbəyli Azərbaycanda elmin ən müxtəlif sahələrinin belə, dövlətə, dövlətçiliyə, azərbaycançılığa – milli maraqlara xidmətdə bulunmasını ən əsas meyar, kredo hesab edir... Mütəşəkkil elmi camiə qurmaq istəyi, cəhdi sosial faydalılığa xidmət edir... Bu onun məqsədinin priotitetidir... Bu cəhətlər onun elmi konsepsiyasının özəlliyini, orjinallığını təşkil edir... Məhz, müşahidə edə bildiyimiz bu cəhətlərə görə onun elmi konsepsiyasında intellektuallıqla ədəbi emosionallıq uyarlaşaraq yeni orjinal yanaşma və şərh-təhlil modeli formalaşdırır... Bu, əslində, sosial mühitimizdə olduğu təkin, elmdə də akademik müstəqillik və azadlıq modelidir... Dolayısıyla, akademik İsa Həbibbəyli tənəzzülə meyillənən elmi-ədəbi zövqün formalaşmasını və təkamülünü əsas prinsip təkin götürür, fundamental tərzdə inkişaf etdirir...

   Göründüyü qədərincə, görkəmli dövlət və elm xadimi akademik İsa Həbibbəyli geniş dünyagörüşə, dərin biliklərə və yüksək zövqə məxsus erudik bir elm fədaisidir. Elmi, ədəbi, mədəni mühitimizdə gedən prosesləri bütün dərinliklərinə qədər qavrayıb təhlil etməyi bacaran və mədəniyyətimiz üçün gərəkli olan zəruri məqamları seçib müəyyən edən akademik İsa Həbibbəyli həm də, necə deyərlər, “öz köynəyindən” keçirdikdən sonra Azərbaycan ictimai elmlərinin inkişafı təcrübəsinə tətbiq etmişdir. Beləliklə o, Azərbaycan mədəniyyətinin tarixi kemişindən bu günümüzə qədər inkişaf mərhələlərinə qiymət verərək onun mahiyyətini açıb göstərmiş, eyni zamanda, həm də rəhbərlik etdiyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasını dünyada gedən proseslərə və inkişaf səviyyəsinə doğru istiqamətləndirmişdir...

   Elmimizin və mədəniyyətimizin daxili imkanlarından istifadənin də geniş potensialını açıb üzə çıxaran və onlardan yaradıcı şəkildə istifadə etməyin, maksimum şəkildə faydalanmağın da nümunəsini göstərən akademik İsa Həbibbbəyli bu səmərəli fəaliyyəti ilə inkişafda olan yeni bir Azərbaycan elmi qurmağa nail olmuşdur...

   Akademik İsa Həbibbəylinin yaratdığı yeni ictimai Azərbaycan elmi sivil, demokratik milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinə əsaslanan, böyük sürətlə və yüksək zövqlə bütün istiqamətlər üzrə inkişaf edən, monumental elmi dayaqlar üzərində qərarlaşan qüdrətli bir elm sahəsidir...

    Bundan başqa, elmin təşkili və idarəçiliyində ictimai rəyin formalaşdırılması və milli xalq faktorundan bacarıqla istifadə də, İsa Həbibbəylini elm aləminin lideri kimi səciyyələndirən əsas xüsusiyyətlər sırasındadır. Həyata keçirməsinə akademik səviyyədə qərar verdiyi proqramların, layihələrin, tədbirlərin icrasından əvvəl həmin istiqamətdə maarifləndirici təbliğat işinin aparılması, ictimai rəyin öyrənilməsi yolu ilə müxtəlif baxışları müəyyən edib, onlardan yaradıcı şəkildə faydalanması da AMEA-nın prezidenti  akademik İsa Həbibəylinin sınaqlardan çıxmış idarəçilik prinsiplərindəndir. Elmi ictimaiyyət faktoruna istinad etmək isə onun çoxillik fəaliyyətinin ana xəttini müəyyən edir...

Bu baxımdan akademik İsa Həbibbəylinin, demək olar ki, bütün əsərləri və həyata keçirdiyi tədbirlər həm, bu möhtəşəm Azərbaycan ictimai elmlərinin xalqımıza və dünyaya yenidən tanıdılmasına və həm də, müstəqillik dövründə yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük töhfələr vermişdir.

  Onun bu yaxınlarda nəşr etdirdiyi “Musiqi dünyası” (Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2025, 244  səh.) kitabı da, bu həqiqətin bariz nümunələrindən biridir...

   Kitabda akademik İsa Həbibbəylinin müxtəlif illərdə qələmə aldığı Azərbaycanın musiqi sənətinə, eləcə də görkəmli musiqi xadimlərinə həsr edilmiş məqalələri, araşdırma yazıları, həmçinin mahnı mətnləri, notlar və müxtəlif tədbirlərdən fotolar təqdim olunur.

“Musiqi dünyası” kitabında “Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər”, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”, “Yallı azərbaycançılıq möhürüdür” sərlövhəli yazılar, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər haqqında araşdırmalar oxuculara çatdırılıb.

Bundan başqa, kitabda dahi Azərbaycan bəstəkarı, görkəmli musiqişünas, pedaqoq akademik Üzeyir Hacıbəyli, dünya şöhrətli Azərbaycan müğənnisi, Xalq artisti Müslüm Maqomayev, pianoçu və bəstəkar, professor, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan opera müğənnisi, Xalq artisti Xuraman Qasımova, məşhur kamança ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə və digər musiqi xadimlərinin yaradıcılığına, Azərbaycan musiqi tarixi elminin tanınmış yaradıcısı akademik Zemfira Səfərovanın elmi fəaliyyətinə həsr olunmuş məqalələr yer alıbdır və bunlar bütövlükdə üzaq keçmişdən bu günümüzə qədər Azərbaycan musiqi sənəti haqqında tam təsəvvür yaratmağa xidmət edir...

Topluda təqdim olunan tədqiqat xarakterli araşdırmalar aşıq sənətinin nümayəndələri Aşıq Ələsgər, Dədə Şəmşir və Pir Sultan Abdalın yaradıcılığını da əhatə edir.

Bundan başqa, “Musiqi dünyası” kitabında bir sıra mahnıların mətnləri və şeirlərə bəstələnmiş notlar verilib. Toplunun “Foto-təqdimat” hissəsində isə müxtəlif məkanlarda keçirilmiş musiqi və poeziya dünyasına həsr olunan tədbirlərdən xatirə fotoları yer alıb.

Qeyd edək ki, “Musiqi dünyası” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri akademik Zemfira Səfərova, tərtibçisi isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur.

“Musiqi dünyası” monumental, çoxşaxəli əsərdir: musiqi sənətinə və görkəmli musiqi xadimlərinə həsr edilmiş məqalələr fonunda Azərbaycan reallığı, mənəvi dəyərlərin qorunması uğrunda mücadilə, kişilik, ərənlik kultu, dövrün ictimai-siyasi mürəkkəbliyinin mədəniyyətin inkişaf etaplarında təsviri və bütün bunların  fərqli moduslarda Azərbaycanın taleyinə təsiri...

İsa Həbibbəyli  qələmə aldığı dövrün həm iştirakçısıdır, həm də onu təfərrüatıyla araşdıran, çevik ədəbi dili və manerasıyla çoxqatlı musiqi tarix elmimizin uğurlarını əks etdirən motivi ədəbi-bədii,elmi publisistik prozanın lirik üslubunda,sənədli və poetik realizm manerasında, milli duyğuların üfüqündə məharətlə nizamlayan, rasionallıqla emosianallığın vəhdətində ehtiva edən müəllifdir...

“Musiqi dünyası” kitabında təqdim olunan mətnlər – ayrı-ayrı portret məqalələr sonda  musiqinin yaranması haqqında zamanın içindən doğulan, daha çox gələcəyi işıqlandıran, böyük sənətin gerçəkliyi və əfsanəsini vahid axarda cəmləşdirənməqsədyönlü bütöv, monumental, etnik-mədəni sistemdəxalqın mədəni dirçəlişinin təzahürünü əks etdirən mətnə çevrilir...Və bu estetik  formula zühur edir: “Musiqi bəşər övladına İlahi vəcdin yaratdığı sonsuza qədər minnətsiz xidmətdir!..”

 

“Mahnı bu torpağın canıdır, canı-

Aşıq Ələsgərin nəvəsiyik biz.

Bizə versələr də, bütün dünyanı,

Yaşaya bilmərik sözsüz, nəğməsiz.”

  (İsa Həbibbəyli “Mahnı çələngi” şeirindən)

 

   “Musiqi dünyası” əsərində bədii-estetik keyfiyyət, canlı və dinamik, sənədli təsvirlər, kolorit, musiqi mədəniyyətimizin epoxal zənginliyi və mürəkkəbliyini reallıqları ilə təqdim etmək kitabın ümumi mətninə tam orjinal bir status qazandıran amildir və bununla akademik İsa Həbibbəyli musiqi dünyamzın epoxal proseslərinə  varmaqla üslubi cəhətdən bədii-sənədli nəsrə estetik mizanlı  epik-lirik panoram genişliyi ilə siqlətli nüfuz qazandırır...

Bu əsəri mən uğurlu əsər hesab edirəm. Çünki, bu uğur, əsrlərlə formalaşan milli irsimizin, dəyərlərimizin, musiqi mədəniyyəti ilə yoğrulmuş Azərbaycan adlanan dünyamızın  bariz göstəricisidir... Bu əsər Azərbaycan musiqi mədəniyyətinin potensialına olan inamı gücləndirən böyük sənət töhfəsidir...

 

 

                                                                                       27.05.2025