Qəşəm İsabəyli : - Q İ S M Ə T

(hekayə)
Hələ də avtobus qıtlığı var Bakıda. İllah da ki, metronun basa-basından çıxırsan, qan-tər içində qışın soyuğu, yayın istisində saatlarla avtobus gözləməli olursan. Gələn kimi də hamı hücum çəkir dal qapıya. Nə qadın bilirlər, nə uşaq bilirlər... kimin qolu zorludusa o da basıb girir içəri.
O günü qızım ali məktəbdən, mən də işdən qayıdanda 20 Yanvar stansiyasında görüşüb, birgə çıxdıq metrodan. Allahdan olan kimi də marşuruta minə bildik. Tək-başına olsaydım, bəlkə hələ də küçədəydim. Nahaq deməyiblər ki, dünyanı gözəllik xilas eləyəcək. Yaxşı ki, qızım yanımdaydı. Belə basdırıqlarda hərdən gözəlliyin də qabağından geri çəkilənlər olur. Allah pis nəzərdən saxlasın, qızım da gözəgəlimlidi. Onu görüb, bir dəstə cavan yana çəkildi ki, biz qabağa keçək.
İçəri girib, təzəcə əltutacağından yapışıb dərindən nəfəs almışdıq, bir kişi qəfil-dən bağırmağa başladı. Özü də elə bağırırdı, elə bil ətini kəsirdilər. Dedim, yəqin qazidi, müharibədən qalma sağalmaz yarası var, kimsə yazığın bərk toxunub. Çox keçmədi adamların gur yerində duran qadınlardan biri ondan da bərk bağırdı. Daha bir qadın səsini başına atıb, yaxınlaşıb, bu iki nəfərə qoşuldu. Başladı bu onu itələməyə, o bunu itləməyə, axırda əl qatdılar bir-birinə.
–Bunlarınkı heç böyük adamın davasına oxşamır, ay ana, elə bil, yekə uşaqlardı, zarafatlaşırlar.
–Bala, görmürsən acıqlı sifətlərini, qəzəbli səslərini eşitmirsən?! Dolanışıq ağırdı, hər gün avtobusda kimisə kiminləsə dalaşan görürəm. Adamlar acığını bir-birinin üstünə tökür. Özü də axşamlar daha güclü olur bu davalar.
–Niyə axşamlar?
–Səhər tezdən hamı evdən ümidlə çıxır ki, bəlkə çörəkpulu gətirə bildi balalarına. Gətirən gətirir, gətirməyən də dönüb olur zəhər tuluğu – yan-yörəsindəki adamları it kimi qapır.
Birdən kişiylə qadınlar bir-birini söyə-söyə, itələyə-itələyə sərnişinlərə dəyib-dolaşmağa başladı. Az qaldı bizi də vurub qapıdan salsınlar yerə. Yana çəkilib, qısıldıq bir-birimizə.
–Buna bax ey, sən Allah, adını kişi qoyub, qadınlara qarşı gör nə şiddət eləyir, – dedim.
–Ana, fikir vermə, eşidib, bu dəfə də bizi qatarlar özlərinə.
Bir azdan kişi növbəti dayanacaqda deyinə-deyinə düşdüb getdi. Sonrakı dayanacaqda qadınlar da düşdü avtobusdan...
Səs kəsildi.
–Qulağımız dincəldi axır ki! – Qızım gülümsədi.
Evə çata-çatda dedim, oğluma zəng edim, çıxsın dayanacağa. Çiynimdəki əl çantasını qarşıma tərəf sürüşdürdüm.
–Qıı-zıı-m?!
–Nədi, ana?
–Çantamın ağzını sən açmısan?
–Yo-ox...
–Çantama, baxıram, telefonum da yoxdu içində.
–Nə danışırsan?!
–Vallah!
–Bəlkə işdə qoymusan?!
–Zəng elə, görüm.
Qızım nömrəmi yığdı.
–Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb...
–Apardılar, telefonu, bala!
Qızım ağzını açdı ki...
–Sən Allah, ağzını qarğışa açma, qarğışın iki başı olur!
–Ağzımın acısını almayım, deyirsən?!
–O günü 1 manatım düşüb itəndə, sən deyildin deyən, ana, o pul qismətin deyilmiş, ona görə də itirmisən?!
–Nə olsun ki, demişdim?!
–O olsun ki, halal puluma aldığım telefonu axıracan işlətmək görünür qismətim deyilmiş!
28.07.2024 - 08.04. 2025