NƏ TÖKƏRSƏN AŞINA- Coşqun Xəliloğlu

YAZARLAR 16:21 / 16.08.2025 Baxış sayı: 3479

(QISA HEKAYƏ)

Qonşumuz Əfrayılın xəstələndiyini eşidəndə çox pərişan oldum. İllər boyu qonşuluq etdiyimiz bu adamla həmişə səmimi münasibtimiz olmuş, bir-birimizin xeyrinə-şərinə yaramışıq.

Hərənin bir şakəri olur. Əfrayılın da ən çox sevdiyi məşğuliyyət domino və nərd oynamaq idi. Saatlarla oyna¬yar, yoruldum, - deməzdi. Stolüstü oyunların necə deyərlər, “xəstəsi olan” Əfrayıla çoxları zarafatla “idman ustası” deyə müraciət edirdilər. O, da belə müraciətdən çox məm¬nun olardı.

Yay aylarında gecədən xeyli keçənə kimi həyətdəki bö¬yük tut ağacının altındakı dəmir stolun üstünə çırpılan domino və ya nərd daşlarının səsi mənzillərdə əks-səda verər¬di. Üstəlik də oyunçular elə ucadan danışardılar ki... Bəzən sakinlər narazılıq edəndə Əfrayılın cavabı belə olardı :

–Siz varsınız deyə, istirahət etməli deyilik?

Bu zaman mən Əfrayıla etiraz edər, onun haqsız olduğu¬nu deyərdim. O isə hər vəchlə özünün haqlı olduğunu sübut etməyə çalışardı.

Beləcə aylar, illər keçmiş, Əfrayıl yaşa dolmuşdu. İndi o, domino və nərd oynayanların yanında az-az görünür¬dü...

Qapını döydüm. Məni evin xanımı Nazlı bacı sevinclə qarşılayıb Əfrayılın otağına apardı. Qonşum üç-dörd günün içində elə zəifləmiş, arıqlamışdı ki, adamın yazığı gəlirdi.

–Ay Əfrayıl, nə olub, sən də xəstələnə bilərsənmiş? – zarafat etdim.

O, məni salamlayıb zəif səslə, –Ceyhun, – dedi – adam özü xəstələnməsə, xəstəliyin nə olduğunu, xəstənin nə çəkdiyini bilməzmiş. Nə gecəm var, nə gündüzüm. Yuxu məndən qaçaq düşüb. Bir yandan da domino, nərd oynayanların səs-küyündən, daşların taqqıltısından qulağım tutulur. Zərlərin səsi də məni lap çox səbləşdirir. Elə bil ki onlar evin içərisində, çarpayımın yanındadırlar– Əfrayıl alnının tərini sildi və sözünə davam elədi, –özüm çox oynamışam. Cavanlıq olub, xəstəni, uşağı, qocanı nəzərə almamışam. İndi də utandı¬ğımdan cavanlara heç nə deyə bilmirəm.

Onun qəlbinə dəymək istəməsəm də gülə-gülə:

–Nə tökərsən aşına, o da çıxar qaşığına, – dedim.

–Düzdür, – Əfrayıl gülümsünərək zəif səslə cavab verdi.

2002