Müşfiqə Baladdinqızı : - Sağ ol ki...

Ədəbiyyat 13:03 / 04.08.2025 Baxış sayı: 2399

İtirilmiş taleyin, min tapıntı dərdi var.

Dərd içindən gülənin

gülüşü də dərd dadar.

Gülüşümü itirdim.

Dəyişdi yanağıma, çuxur açan qəmzənin cığırı başqa yola.

Unutdu öz yolunu, unutdu yaddaşın da.

Sonra, qara gözlərim

düşdü dərin quyuya, nə bir karvan yetişdi,

Nə qardaş çəkdi ordan,

boğuldu öz yaşında.

Saçlarımı itirdim...

parıldayan günəşin işığında sevinən, o gözəl saçlarımı.

Hər səhər yastığımdan yığdığım qara tellər ovucumda qıvrıldı, utandı göz yaşımdan.

Ümidimi itirdim,

Daha "yaxşı olacaq" - olanları itirdim,

Ömrün çoxu getmişdi, qalanları itirdim.

Bilsəydim bu yolları təkcə geri dönmək var -

Yapışardım başımdan.

Saxta duyğularına min çalarda don geyən,

İtirdiyim nə varsa o rənglərdə boğuldu.

Mən xınalı qəlbimdə səadəti bəslərkən

İçimdə mərdi qovub bir namərdi doğurdu.

Nə sevgi nə məhəbbət hamısı boş yalanlar...

Sağ ol ki, insanlara

Güvənimi itirdim.

...