Musa Yaqub - BU YAY DA BELƏ KEÇDİ
Bu yay da belə keçdi...
Durnalar da döndülər,
Qaranquş yuvaları
Qəribsədi bu səhər.
Əsdi vədə yelləri,
Balalar,gəlin bəri,
Çiçəkdən kəpənəyi,
Çəmənlərdən çiçəyi,
Gülü ayıran kimi
Sizi ayırıram mən
Bu çöldən,bu çəmədən.
Yanları qızılağaclı
Arxlar burda qalacaq
Bizimlə getməyəcək
Dağlar,burda qalacaq.
Əritmişik o ayı,
Əritmişik bu günü,
Gedək,biz də artıraq
Şəhərin tünlüyünü,
Bu yay da belə keçdi...
Bu yay da belə keçdi,
Qaranquş kimi uçdu,
Balıq kimi sürüşdü,
Bir ay incəldi düşdü,
Düşdü il ağacından,
Heç baş aça bilmədik
Bu ay qaçhaqaçından,
Bu il qaçhaqaçından,
Bu yay da belə keçdi.
Eh,nə fərqi tələsək,
Ya da heç tələsməyək,
Kol dibində bənövşə,
Zəmi içində lalə
Heç yaya da qalmadı,
Uçub getdi xəyaltək.
Bu yay da belə keçdi,
Bu yay da xəyallaşar...
Vələsləri saralar,
Gilasları allaşar...
Barı məqam var hələ,
Doğmaca yurda,elə,
İlk nəğməyə ilk sözə,
İlk ocağa,ilk közə
Qayıda bilirik biz.
Doğmalıq hissimizi
Ayılda bilirik biz.
Çoxunun qismətini
Görmüşəm bu həyatda
Qamışların ayağı
Yuyuldu gecə-gündüz,
O quruyan qarağac
Odlandı günəş altda.
Bu yay da belə keçdi...
Qaldı bulaq başında
Çatdaq ocaq daşları.
Tək-tək yarpaqlar düşüb
Örtdü o xatirəni,
Örtdü o yaddaşları...
Bir az bahara yaxın,
Bir az qışdan uzağam.
Payızdan söz salmayaq,
Yarpaqlarım tökülər-
Yaman kövrək budağam...
Bu yay da belə keçdi...
Udmaq istərkən çayı
Mənzil kəsən tərli at,
Sahibinin qamçısı
İşə düşər o saat.
Dodaq sallayıb çaya
Ciyəri yana-yana
At da keçər o taya.
Mən də belə keçirəm
Bu çayların üstündən,
Bu ayların üstündən.
Qayıdıb dala baxdım,
Bir az könlüm darıxdı.
Bu yay da belə keçdi,
Bu çay da belə keçdi...