Lilpar Cəmşidqızı : - RÜBAİLƏR ( Əxrəm şəcərəsi)

Ədəbiyyat 08:36 / 16.04.2025 Baxış sayı: 629

 

Məf'Ulün məf'Ulü məf'Ulü fə'Ul

+++

Sən xəlq etdin yerdə, verdin mənə can,

Ölmüş ruhum, ver qayıtsın yenə can.

Könlüm duymur, bağlanıb yol, Yaradan,

Açmaz güllər, verməsən gülşənə can.

+++

Gəlsəydin, aləmdə bitməzdi zaman,

Gün görsəm, mənasız ötməzdi zaman.

Könlüm qəm çəkməzdi, bir yerdə nigar,

Vüslət görsək biz də, yetməzdi zaman.

+++

YaRəb, neyçün verdi yar yarə cəfa?

Bir axşam göndərdi şəm narə cəfa.

Bülbül gül sevmişdi, etmişdi xəta,

Zalım xar vermişdi gülzarə cəfa.

+++

Hardan bildin yoxdu köksümdəki dərd?

Qan içmiş, bax toxdu köksümdəki dərd.

YaRəb, mən sürsəm də aləmdə səfa,

Susmur ruhum, çoxdu köksümdəki dərd.

+++

Can bir camdır, tezcə, sındırdı həyat,

Canım dincəlmişdi, yandırdı həyat.

Dünya bir məhbəsdi, yoxdur güzəran,

Eşqim odlandıqca, söndürdü həyat.