Məni bu dağlardan xəbər alarsan”, yaxud 80 yaşın cazibəsi

YAZARLAR 12:50 / 23.04.2025 Baxış sayı: 1226

Elbrus Şahmar-80

 

 

Tanınmış hüquqşünas, şair-publisist Elbrus Şahmarın 80 yaşı tamam olur. Öncə deyək ki, 80 rəqəminin öz cazibəsi var. Bu rəqəm insan həyatının ölçüsü ilə müqayisədə böyük rəqəmdir. Ölçü vahidi kimi kiçik rəqəm deyil və bu ömrün içərisində həyatın uzaqlarda qalan məqamları, inamın və inadın gücü öz təsdiqini tapır.

DİN sıravi heyətdən polis- polkovniki rütbəsinə qədər şərəfli bir yol keçən.Elbrus müəllim bu 80 ildənə edib, nə qazanıb, nə itirib? Həyatın mürəkkəb pillələrindən necə keçib? Bu 80 yaşlı kişi geriyə boylananda çoxmu təəssüf hissi keçirir, yaxud əksinə, sifətində təəssüf yox, təbəssüm hissləri sezilir?

Yola saldığı 80 ildə Elbrus müəllimin ürəyi həmişə Azərbaycanla döyünüb, nəbzi bir qayda olaraq Vətəni ilə vurub. Bir təəssübkeş vətəndaş kimi soydaşlarının yaxşı günlərinə sevinib, bəd günlərində kədərlənib. Nə edibsə haqqı-ədaləti arada görüb.O, özünü tanıyandan bəri doğulduğu yerin qədir-qiymətini bilib, elinin-obasının daşını-kəsəyini, adi qanqal özəyini, tozunu-torpağını, hər saralmış yarpağını da əziz tutub. Çöldə biləyi, eldə çörəyi ilə tanınan, qarnını deyil, adını gözləyən kişilər həmişə özlərinin soyunu-kökünü arayıb axçamışlar.

Bu 80 ildə Elbrus müəllim mənəvi dəyərlərimizə sahib çıxaraq dədə-babalarımızdan bizlərə miras qalan xüsusiyyətləri uca tutub, milli mentalitetimizə həmişə hörmətlə yanaşıb. Xalqımızın ruhunu oxşayanlarla şərik olub. Vətənin müsəlləh əsgəri kimi qanunlarımızın keşiyində mərdliklə dayanıb.

Elbrus Şahmarın 80 yaşının tarixə çevrilən illərini vərəqlədikcə gözümüzün önündə bütün möhtəşəmliyi ilə diqqəti çəkən bir kişi ömrü canlanır. Dəftərçəsinə qeyd etdiyi aforizmlərdən biri belədir: “Yaşamaq-mübarizə aparmaq, mübarizə aparmaqsa-yaşamaqdır”.

Elbrus müəllim həm də oxunaqlı, yaddaqalan şeirlərin müəllifidir. 1970-ci ildən mütəmadi olaraq müxtəlif mətbu orqanlarında məqalələri və şeirləri çap olunur. Hazırda 42 kitabın müəllifidir. Şairin ümumilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Xalqın inam simvolu” adlı kitabı şəxsən Ulu Öndərimizin xeyir-duası ilə çap olunub.

Şeirlərindən aydın olur ki, Elbrus müəllim harda olubsa, hansı tədbirlərdə iştirak edibsə doğma Azərbaycanın kiçik portretini ürəyində gəzdirib. Harda gəzib dolanıbsa, yalnız cöz-bəbəyi kimi sevdiyi Azərbaycanı,Azərbaycanınəsrarəngiz gözəlliyini, uca dağlarını düşünüb,  Elə ən böyük uğurlarını da Vətənini düşünəndə qazanıb:

Harda oldum, hara getdim, həmişə,

Bu dağları mən daşıdım özümlə

Qüdrətindən ilham aldım, güc aldım,

Uğurlara imza atdım əzmlə.

Onun qəlbində millətinə, xalqına, vətəninə qarşı böyük sevgi var.Düşüncə sahibi kimi belə insanlar həmişə sevilirlər. Tanıyanlar Elbrus müəllimi həm alicənab insan, həm də gözəl şair kimi dəyərləndirirlər.

 Onun təbiət mövzusunda yazdığı şeirləri maraqla qarşılanır:

Çox sevmişəm bu dağları əzəldən,

Mən qurbanam torpağına, daşına.

Vüqarıyla öyünmüşəm, adını.

Mən yazmışam ürəyimin başına

Qubadlının təbiəti, iqlimi burada yaşayan insanların əxlaqına, tərbiyəsinə, elm-sənət adamlarının bədii təfəkkürünün cilalanmasına və könül duyğularının inkişafına böyük təsir göstərməkdədir. Bu təmizlikdən, saflıqdan bəhrələnən insanların mənəviyyatında,  onların ictimai həyatında bir zənginlik var.

Elbrus Şahmar özünəməxsus yüksək insani keyfiyyətləri ilə insanların nüfuzunu qazanıb. O, hələ sadəcə Elbrus olanda da, şagird kimi, tələbə kimi təhsil alanda da ətrafdakıları həlim xasiyyəti, mehriban davranışı səmimi münasibəti ilə heyran qoyurdu. Bəlkə elə daim qonaq-qaralı, dost-tanışlı bir ailədə böyüyüb boya-başa çatmağı ona insana hörmət, dosta diqqət, ətraf aləmə yanıb-dönmək təlqin edib?

Elbrus müəllim80 illiyi münasibəti ilə yazdığı şeirini özünün-özünə hesabatı da daadlandırmaq olar:

Səksən ilim bax,  beləcə yetişdi,

Haqq yolundan mən heç zaman dönmədim.

80 yaşlı bir şairin qəlbində

Vətən eşqi korşalmadı, sönmədi.

Elbrus Şahmar80 illik ömrünü əsl ziyalı kimi, peşəsini ürəkdən sevən səriştəli polis zabiti kimi yaşayıb. Ömrü boyu nurlu əməlləri ilə Vətəninə, Xalqına xidmət edib. Bunu onun keçdiyi şərəfli yol, qələmə aldığışeirləri bir daha sübut edir.

Yaradıcılığından belə məlum olur ki, Elbrus müəllim 80 ildə bütün borcunu çoxdan ödəyib-övladlıq, valideynlik, vətəndaşlıq, vəzifə, dostluq-yolsdaşlıq borclarını tamam-kamal qaytarıb. 

O, əməlləri ilə ictimai həyatda, kollektivdə özünü təsdiqləyib ki, bu da həmkarlarının, eləcə də digər şəxslərin onun haqqında söylədikləri xatirələrdə, barəsində yazılmış məqalələrdə özünü bariz şəkildə göstərir.

Elbrus Şahmar oxucusuna xitabən yazır:

Bir gün bu dünyadan köçəsi olsam.

 Məni bircə ovuc torpaq sanarsan.

Heç yerdə arama, axtarma məni

Məni bu dağlardan xəbər alarsan!

Dünyanın əzəlliyini özündən, gözəlliyini gözündən keçirən, dünəni ilə fəxr edən, bu gününü şərəflə yaşayan, sabahını ümidlə düşünən Elbrus Şahmarı ad günü münasibəti ilə təbrik edir, onamöhkəm can sağlığı,yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!

Faiq Şükürbəyli,

Elman Qasımov

Azərbaycan Jurnalistlər Birliyinin üzvləri