Lilpar Cəmşidqızı : -RÜBAİLƏR (Əxrəb şəcərəsi)

Məf'Ulü məfA'ilün məf'Ulü fə'Ul
+++
Səndən yenə istədim bir dərdə dəva,
Tapmır bu qulun, gəzir hər yerdə dəva.
Dərmanı da yox, ölüm qoy mən, Yaradan,
Ruhum dolaşar, tapar Kövsərdə dəva.
+++
Rəssam götürüb karandaş, çəkdi yuva,
Gördüm asılıb divardan, təkdi yuva.
Yaz gəldi, çəmən çiçək açdı, o vaxt,
Bir damda gəlib göyərçin tikdi yuva.
+++
Sevda qəmi öldürür bir aşiqi, yar,
Əlac ona eyləmir dövlət ilə var.
Qürbət elə yol salan qurmaz uca taxt,
İnsanı qucaqlayar bir doğma diyar.
+++
Könlüm yenə oldu,Yar, bir qəmli kaman,
Göz yaşımı sel edib tar, bir qəmli kaman.
Zəhmətlə keçib günüm aləmdə, Xuda?
Yandırdı bu canı nar, bir qəmli kaman.
+++
Göydən yerə nur verib boylandı səma,
Gün doğdu, telin sərib, odlandı səma.
Aləm bəzənər, baxar, canlansa həyat,
Ol dəm görərik gülüb, şadlandı səma.