İSMAYIL MƏRCANLI İMANZADƏ - GƏZMİŞƏM

Ədəbiyyat 15:16 / 09.08.2025 Baxış sayı: 2433

 

Bəxt bəduğur elçim olub,

Eşq ruhuma pərçim olub.

Halallıq bələdçim olub,

Səsli-soraqlı gəzmişəm.

 

Rəngi solub doğru sözün,

Nisgil qəlbin, ağrı sözün...

Çat verəndə bağrı sözün

Dili “yaraqlı” gəzmişəm.

 

Ələndikcə əlçim-əlçim,

Zülmətdə qərq olub köçüm.

Kürün körpüsündən keçib

“Arazqıraqlı” gəzmişəm.

 

Ağırmış fələyin daşı,

Sevinc dərd-qəmlə yanaşı...

Təmənnasız dost-tanışı

Əliçıraqlı gəzmişəm...

 

Nə qarı, nə qızmış dünya,

Çürük bir saqqızmış dünya...

Yamanca haqsızmış dünya,

Gör, harda haqlı gəzmişəm?!.

09.08.2024