İSMAYIL MƏRCANLI İMANZADƏ : - BU DA SON...

Əzəl gündən insan nəfsə əsirdi,
Yerli-yersiz söyülən bəxt yesirdi...
Təkcə Allah bilir bu necə sirdi,
Görən niyə heç vaxt düşmür yada,-son?
Həyat eşqi həm şirinmiş, həm acı,
Kimsə deməz ölüm inci,-baş tacı!
Əgər yoxsa bir mərəzin əlacı,
Lal sızıltı, boğulan səs-səda,-son!
Mələklərlə üz-üzəymiş hər ölən,
“İnkir-minkir” yuxuyozan, sirr bilən.
Vaxtın dırnağının ucunda gələn
Qaşqabaqlı, sərt baxışlı nida,-son!
Nəfəs gedib qayıtmırsa, batır səs,
Nə təbəssüm xilaskardı, nə həvəs...
Görən niyə "qansoranlar" demir bəs,-
Salam olsun qalanlara... bu da,-son!
21.05.2025