Ayaz Arabaçı : - Bu şeir çap olunmuş kitablarımda yoxdur,

Ədəbiyyat 21:03 / 24.07.2025 Baxış sayı: 1383

Bu şeir çap olunmuş kitablarımda yoxdur,

Başqa gözəl qızlara xitablarımda yoxdur.

Burda doğan ayın da, günəşin də adı sən,

Yaşanan hər sevincin, səadətin dadı sən.

Başqa birini gəzmə başqa bir ada düşmür,

Sən olan bu dünyada başqası yada düşmür.

Elə ilk sətirindən duyacaqsan bu şeri.

Bir ovuc göz yaşıyla yuyacaqsan bu şeri.

Onsuz da gecikmisən ömrümə bir neçə il,

Məncə gələ bilərdin, dəstələnib keçən il..

Sızıldayır qəlbimin həzin-həzin,

yarası,

Nəfəsinlə doludur, misraların arası.

Səssiz-səssiz boylanır rəsmin hər bir sətirdən,

Burda vurub çiçəklər sən vurduğun ətirdən.

Qəlbimin döyüntüsü

qulaq as gör nə deyir,

Ürəyimin səsiylə yazılıbdı bu şeir.

Bəlkə bir də görüşək, həsrətə vermə yaxa,

Öldürdüm üç- dörd günü

saata baxa-baxa..

İçini yeyə-yeyə yol gözləmək pisdi də..

Tez gəlmişdim görüşə,

o gün bax o istididə..

Zəng elədim hardasan, dedin gözlə gəlirəm,

Yollar yaman tıxacdı..

-Qəm eləmə bilirəm.

Sən mindiyin avtobus düz bir saat gecikdi.

Mənə elə gəldi ki, bütün həyat gecikdi.

Uca dağların başı dumansız-çənsiz olmur,

Olmur e, canım-gözüm, heç cürə sənsiz olmur..

Yaxşıların yaxşısı, "pislərin ən pisisən",

Nə keçmiş, nə gələcək, ömrümün indisisən...