Mən bu zamana sığmazam - Ələmdar Məmmədov yazır (ardı)

YAZARLAR 14:21 / 24.07.2025 Baxış sayı: 1561

O, işçilərini kənar müdaxilələrdən qoruyan rəhbər idi...

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayonun Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsatət qal­dı­rıl­mış­dı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar. Hətta Mərkəzi Komitənin 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmaya­raq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişib qon­şu rayona prokuror vəzifəsinə təyin etdi.

Uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cüm­lə­dən 11 il Bərdə rayon prokuroru işləmiş Hüseyn Hüseynovun dediklərindən: “Bərdə RPK-nın 1-ci katibi Rüstəm Səfərəliyev mənim Bərdə rayonundan dəyişilməyim barədə İnzibati Orqanlarla İş şöbəsinin müdiri Sabir Hüseynovdan xahiş edir. Sabir Hüseynov bu məsələ ilə əlaqədar Respublika prokuroru İlyas İs­ma­yılova müraciət etməsini məsləhət bilir. Rüstəm Səfərəliyev İlyas müəllimin yanında olarkən, İdris Əsgərov orada iştirak edir. Katib mənim rayondan dəyişilməyim barədə İlyas müəllim qarşısında məsələ qaldıranda, o, səbəbini soruşur. Qəbahət kimi Rüstəm Səfərəliyev mənim yerli qəzetin redaktoru ilə dostluq münasibətində olmağımı göstərir.

İlyas müəllim deyir:

- Qəzet RPK-nın orqanıdır. Həmin redaktoru birinci katib kimi vəzifəyə Siz təyin etmisiniz. Əgər redaktor, doğrudan da, pis adam­dırsa, onu nə üçün vəzifədə saxlayırsınız?

Rüstəm Səfərəliyev xahişinin yerinə yetirilməməsinə görə na­ra­zı görkəmdə ayrılarkən, İlyas müəllim ona müraciətlə deyir:

- Rüstəm müəllim, ola bilər ki, prokuroru müzakirə edib partiya cəzası verəsiniz. Biləsiniz ki, mən onu müdafiə edəcəyəm.

...Erməni separatizminin xaç atası Manuçarov haqqında CM-nin 88-1 maddəsi ilə başlanmış cinayət işinin istintaqına rəhbərlik edən Respublika Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Vladimir Boqomolovun prinsipial mövqeyi Moskvadakı ermə­ni­pə­rəst qüvvələri qıcıqlandırırdı. Digər tərəfdən 1989-cu ildə Şüvəlan təcridxanasının bir hissəsini Azərbaycanın yurisdiksiyasından çı­xa­rıb, özləri ilə gətirdikləri çox sayda agentlərin xidmətindən istifa­də etməklə, vətəndaşlarımızdan yolverilməz üsullarla istədikləri ifa­dəni alan SSRİ Daxili İşlər Nazirliyi əməkdaşlarının qanunsuz hərəkətləri barədə İlyas İsmayılov tərəfindən CM-nin 167-ci mad­də­si ilə (vəzifədən sui-istifadə etmə) başlanmış cinayət işinin istintaqı da V.Boqomolovun icraatında idi. Bu vəziyyətlə barışmayan “Mərkəz” V.Boqomolovu cəzalandırmaq, prokurorluq or­qan­larından xaric etmək, hətta onun haqqında cinayət işi baş­lamaq istəyirdi.

Məzuniyyətini yarımçıq qoyan İlyas İsmayılov SSRİ Baş pro­ku­rorluğunda keçirilən kollegiya iclasında çıxış edərək V.Boqomo­lo­va qarşı irəli sürülən ittihamları alt-üst etdi. İlyas müəllim çı­­xışında və Baş prokurora ünvanladığı məktubda işçisinə qarşı qərəzli qəbul edilmiş hər-hansı qərarı özünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirəcəyini və  istefa verəcəyini bəyan etmişdi.

Fitnəkarları mat vəziyyətinə qoyan İlyas müəllimin cəsarəti və fə­dakarlığı sayəsində repressiyadan qurtulan V.Boqomolov öz fə­a­liy­yətini müvəffəqiyyətlə davam etdirdi.

 

O, işçilərini həm də yalan və böhtanlardan qoruyan rəhbər idi...

 

Özümlə əlaqədar baş vermiş bir hadisəni də oxucuların diq­qə­ti­nə çatdırmaq istəyirəm: Cəlilabad rayon prokuroru kimi fə­aliy­yəti­min ilk aylarında bir çox fitnəkarlıqla üzləşməli oldum. Yaşlı bir qadın oğlunun həbsdən buraxılması tələbi ilə iş otağımda özünü yandırmaq səhnəsi düzəldir, məhkəməyə göndərdiyim qanuni hökm çıxarılmalı işlər əlavə istintaqa qaytarılmaq təhdidi ilə rastla­şır, işçilərim haqqında əsassız şikayətlər edilir və s. və ilaxır... 

1985-ci ildə Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş vermiş­di. Lənkəran-Bakı istiqamətində hərəkət edən “Vaz-2106” markalı ma­şının sürücüsü Cəlilabad şəhərinin dördyol deyilən ərazisində yol nişanlarına məhəl qoymadan, hərəkətin əks istiqaməti ilə  sür­ətlə maşını idarə edərkən, Novoqolovka-Cəlilabad istiqamətində hərəkətdə olan “Vaz-2101” markalı maşınla toqquşmuş, nəticədə “Vaz-2101” markalı maşının sürücüsü hadisə yerində ölmüş, maşında olan qardaşı və digər yaxın qohumu ağır xəsarət almışdı. Hadisə yeri müayinə olunub, CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi üzrə avto-texniki ekspertiza təyin edilmişdi (yol-nəqliyyat hadisə­lərində ekspertizanın rəyi ol­ma­dan qərar qəbul etmək mümkün deyil). Qəza törətmiş sü­rü­cü­nün yol hərəkət qaydalarını aşkar, kobud şəkildə pozması, məni bir məsələ ətrafında düşünməyə vadar edirdi. Keçən əsrin 70-ci illərində sovet cinayət qanunvericiliyini silkələyən bir hadisə baş vermişdi, yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə maşını idarə edərkən milis əməkdaşları onu saxlamaq istəyirlər. O, milis işçilərinin qanuni tələbinə məhəl qoymadan, təqibdən qurtarmaq üçün, sürəti da­ha da artırıb, məktəb zonasına daxil olur və maşını saxlaya bil­mədiyindən ərtrafda oynayan bir dəstə uşağa çarpılır. Uşaqlardan 3-ü ölür, bir neçəsi də xəsarət alır. Həmin şəxsin əməlini istintaq orqanı RSFSR CM-nin 15,102-ci maddəsinə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd) tövsif etmişdi. Bu məsələ hüquq aləmində çoxlu mübahisələrə səbəb olmuş, iş SSRİ Ali Məhkəməsinin Plenumuna qədər gedib çıxmışdı. Mən də lənkəranlı sürücünün əməlini CM-nin 15,94-cü maddəsi­nə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd”) tövsif etmək fikrinə düşmüşdüm.

O günlərdə Respublika prokuroru İlyas İsmayılov məni yanına dəvət etmişdi. Bir qədər söhbət etdikdən sonra:

- Sizdə bir yol nəqliyyat hadisəsi olub, iş hansı mərhələdədir? - deyə, soruşdu.

Mən yuxarıdakı fikirlərimi İlyas müəllimlə bölüşdükdən sonra ekspertizanın rəyi alınan kimi sürücünün barəsində həbs qətim­kan tədbiri secəcəyimi və əməlini CM-nin 15,94-cü maddəsinə töv­sif edəcəyimi bildirdim. İlyas müəllim sürücünün əməlini CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə tövsif edilməli olduğunu bildirdi və hökumət telefonunun dəstəyini qaldıraraq harasa zəng etdi. Salamlaşdıqdan sonra  “Sizin dediyiniz məsələ ilə əlaqədar araş­dır­ma apardım, prokurorun mövqeyini düzgün hesab edirəm”, - de­di. Xəttin o başındakı adam nə dedisə, İlyas müəllim “Hər yazı­la­na inanmaq olmaz, prokurorla söhbət etmişəm, hətta, o, cavan­lı­ğına salıb sürücünün əməlini qəsdən adam öldürməyə sui-qəsd kimi qiymətləndirmək istəyirdi” – deyə cavab verdi. Həmin şəxs ye­­nə nə dedisə, İlyas müəllim yüksək səslə:

- Ziya Mamedoviç (DTK-nın sədri) mən də, işçilərim də, şi­ka­yət­lərə həssas yanaşırıq. Ərizə provokasiya xarakterlidir. Gön­də­rin, özümüz araşdırarıq, - deyərək, dəstəyi asdı.

Sonra İlyas müəllim mənə bildirdi ki, zərərçəkmiş şəxs səndən şikayət edib, ərizə sənə göndəriləcək, amma cinayət işinə əlavə etmə.             

Bir neçə gündən sonra avto-texniki ekspertizanın rəyi alındı. Sü­rücüyə CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçildi. Məhkəmənin hökmü ilə sürücü 9 il müddətinə azadlıqdan məhrum edildi.

Ərizəni “məxfi qriflə” mənə göndərdilər. Oxuyarkən çox həyə­can­landım. Zərərçəkmiş  DTK-nın sədri Z.Yusifzadəyə ünvanla­dı­ğı ərizədə göstərirdi ki, rayon prokuroru Ə.Məmmədov əvvəllər Lənkəranda işlədiyinə görə sürücünü yaxından tanıyır və onu cinayət məsuliyyətindən qurtarmaq istəyir. Prokuror heç kimi saymır, hər yerdə deyir ki, “30 il kolxoz sədri işləmiş atam MK-nın birinci katibi Kamran Bağırovla yaxın dostdur. Mən nə istəsəm, onu da edərəm. Heç kim mənə toxuna bilməz” (illər sonra ərizənin təşkilatçısının kimliyini öyrəndim).

Bu şikayət məni və atamı çox narahat etdi. Məsələ burasında­dır ki, atam artıq əlaqələri olmasa da, K.Bağırovun böyük qardaşı Faiq Bağırzadə ilə 50-ci illərdə dostluq etmişdi. Təbii ki, K.Ba­ğıro­vu və digər ailə üzvlərini də yaxından tanıyırdı. Narahat­çı­lı­ğı­mı­zın əsl səbəbi o idi ki, onlar milçəyini qoruyan adam idilər. Bu cə­fəngiyyata inanıb, alternativ tədbir görə bilərdilər...

Haşiyə: Təəsüf ki, İlyas müəllimdən sonrakı dövrdə Baş prokurorların bəzisi prokurorluq işçiləri haqqında gələn şikayətlərə belə həssaslıqla yanaşmır, rədd və xitam qərarının ləğvinə, bəraət hökmünün çıxarılmasına görə müstəntiq və prokurorlar məşhər ayağına çəkilir, ən cüzi xətaya görə (məsələn, etibarnamə olma­dan nəqliyyat vasitəsini idarə etmə) prokurorluq əməkdaşı qanun­da nəzərdə tutulmayan ağır cəza alır və yaxud, guya iş yol­­­­daş­ından uzaq qohumunun şikayətinə ədalətli baxması xahişinə görə bir məmurun tapşırığı ilə idarə prokuroru barəsində xidmət yoxlama aparılıb vəzifəsindən çıxarılır, qanunla qadağan olunma­sı­na baxmayaraq, anonim məlumat əsasında rayon prokuroru haqqında xidməti yoxlama aparılır, kollegiya iclaslarında cəza alanların və orqandan xaric olunanların sayı ən böyük müvəffə­qiy­yət kimi xüsusi pafosla qeyd edilirdi.

 

O,  gənclərin gücündən səmərəli istifadə edir, onları yüksək vəzifələrə təyin edirdi...

 

Hələ 30 yaşı tamam olmamış gənclərin rayon prokuroru vəzi­fəsinə təyin edilməsi bir çoxlarının təəccübünə səbəb olmuşdu. Kirovabad şəhəri (indiki Gəncə) Gəncə rayon prokuroru Nəbiyev Mahmud Yusif oğlu və Masallı rayon prokuroru vəzifəsinə təyin edi­lən Həsənov Əzizağa Səlim oğlunun 30 yaşı tamam olma­mış­dı.

Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) prokuroru Əliyev Əli Mahmud oğlu, Qaradağ rayon prokuroru Şirinov İxtiyar Əlibala oğlu, Orconikidze (indiki Suraxanı rayonu) rayon pro­kuroru Əliyev Sərdar Zöhrab oğlu, Naxçıvan şəhər prokuroru İmamquliyev Əhməd Novruz oğlu, İliç rayon (indiki Şərur rayonu) prokuroru Həsənov Rəşid Cəmşid oğlu, Ordubad rayon prokuroru Cavadov Mirqəni Qəvvam oğlu, Şuşa rayon prokuroru Ələsgərov Ələddin Heydər oğlu, Kirovabad (indiki Gəncə) nəqliyyat pro­ku­ro­ru Ömərov Əli Ömər oğlu, Mingəçevir şəhər prokuroru Mahmudov Bəhruz Rəşid oğlu, Ağdam rayon prokuroru Məmmədov Zakir Qələndər oğlu, Ağcabədi rayon prokuroru Ağayev Kazım Bala­oğlan oğlu, Ağsu rayon prokuroru Şiriyev Zakir Məhi oğlu, Cəlila­bad rayon prokuroru Məmmədov Ələmdar Məmməd oğlu, Dəvəçi rayon prokuroru Tağıyev Zahid Muxtar oğlu, İmişli rayon prokuroru Həsənov Arif  Xızır oğlu, Quba rayon prokuroru Eyvazov Əli Xan­çoban oğlu, Mirbəşir rayon (indiki Tərtər rayonu) prokuroru Quliyev Yusif Ağalar oğlu, Puşkin rayon (indiki Biləsuvar rayonu) prokuroru Əmirov Yəhya Cəmo oğlu, Saatlı rayon prokuroru Allah­ver­diyev Fəxrəddin Məmmədalı oğlu, Füzuli rayon prokuroru Məcidov Eldar İbrahim oğlu, Xanlar rayon (indiki Göygöl rayonu) prokuroru Səmədov Rauf Emin oğlu, Şamxor rayon (indiki Şəmkir rayon) prokuroru Əliyev Əli Cəmil oğlu, Şamaxı rayon prokuroru Zahidov Bəhram Səffan oğlu, Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilmiş Bəkirov Əsgər Lətif oğlu və digərləri 30-35 yaşında gənclər idi.

İsaxan Vəliyev 30 yaşında Respublika Prokurorluğunun Təşk­i­lat analitik şöbəsinə rəis, 32 yaşında Bakı şəhər prokuroru vəzi­fəsinə təyin edilmişdi.

Elmira Mirzəzadə Respublika Prokurorluğunun Mülki şöbəsinə rəis təyin ediləndə 30 yaşı təzə tamam olmuşdu.

Əlbəttə, gənclərin kütləvi şəkildə irəli çəkilməsi zamanı İlyas mü­əllimin özünün də etitaf etdiyi kimi, səhvlər və yanlışlıqlar da olmuşdu.

 

İlyas müəllimin Rusiya federasiyasında və digər bölgələrdə yaşayıb-işləyən prokurorluq əməkdaşlarının Republikaya gətiril­məsində xüsusi rolunu qeyd etməmək insafsızlıq olardı.

Təqaüddə olan kiçik ədliyyə müşaviri Rzayev Ələkbər Rəcəb oğlunun dediklərindən: “1984-cü ildə Kemerovo Dövlət Universitetinin hüquq fakültəsini bitirib,  təyinatla Baltik Dəniz donanma­sı­nın Leninqrad Hərbi Dəniz Prokurorluğunda müstəntiq və­zi­­fəsində işləyirdim. İşimdən razı olsam da, vətəndən uzaq düşmək məni sıxırdı. Təzə təyin edilmiş Respublika prokuroru İlyas İsmayılovun fəaliyyəti barədə müəyyən təsəvvürüm var idi. Odur ki, Azərbaycan SSR prokurorluğuna ərizə yazaraq vətənə gəlmək arzumu bildirdim. Heç xəyalıma belə gətirə bilməzdim ki, qısa müddətdən sonra  hər hansı bir şəxsin xahişi, vasitəsi olmadan məni Bakıya - Respublika Prokurorluğuna dəvət edəcəklər. Sözlərim nağıla bənzəsə də, bu, real həqiqət idi. Həmin dövrdə Kadrlar İdarəsinin rəisi Fərrux Gəray oğlu Vəkilov məni qəbul edib, 2 saata yaxın su­­al-cavab edərək, peşə bacarığımı, biliyimi, psixoloji dü­şün­cə­lə­rimi yoxladı. Daha sonra məni İlyas müəllimə təqdim edərək, “Xidmətə yaralıdır” fikrini söylədi. İlyas müəllimin zəhmli və çox cid­di bir şəxs olması barədə söhbətlər  eşitdiyimə görə, Respubli­ka prokurorluğunun kiçik xidməti otağına daxil olarkən həyəcanlı idim. İlyas müəllim həyəcanımı hiss edib, mənimlə sözlə ifadə olu­na bilməyən qaydada, elə tərzdə söhbət qurdu ki, daxilimdə olan hə­yəcanım bir göz qırpımında yox oldu.

Səxsi işimlə tanış olduğunu, Leninqrad Hərbi Dəniz Prokurorunun mənim barəmdə yüksək fikir söylədiyini bildirib, Bakı şəhər Prokurorluğuna baş müstəntiq təyin olunmağım barədə əmrin hazırlanmasına göstəriş verdi. Və mənə qanunlara düzgün riayət edib, heç kimdən heç nədən çəkinməməyi, ədalətli olmağı tövsiyə etdi”.

Ayət Həsənovun Azərbaycana gətirilməsi ilə əlaqədar tanınmış hüquqşünas Aslan İsmayılovun dediklərindən: “1989-cu ilin payız ayları idi. Mənimlə Krasnodar Dövlət Universitetində oxumuş rəh­mət­lik Şaiq Salmanov (o vaxtlar Yasamal Rayon Prokurorluğunda işləyirdi) mənə zəng edib birgə nahar etməyi xahiş etdi. Nahara gələndə yanında çox arıq, eynəkli, nimdaş geyimdə, təxminən bizim yaşda biri var idi. Mənə təqdim edib onunla Özbəkistanda pambıq işləri ilə bağlı olan Qdlyan qrupunda işlədiyini bildirdi. Söhbət əsnasında bildim ki, Ayət Həsənov vaxtilə Özbəkistanda indi yadımdan çıxmış vilayətlərin birinin prokurorluğunda müstəntiq işləyib və ahısqa türklərinə qarşı iğtişaş olanda bunun da həyat yoldaşı ahısqa türkü olduğundan evlərini yandırıblar və indi qaçqın kimi Azərbaycana gəlib. Nahardan sonra eşitdiklərimdən çox üzgün halda işə qayıtdım və Respublika Prokurorluğunun giri­şin­də qapıdan çıxan İlyas müəllimlə üz-üzə gəldik. Mənimlə salamlaşıb nə üçün üzgün olduğumu soruşdu, heç nə olmadığını bildirdim. İlyas müəllim mənim Bakıda heç kimim olmadığını bilirdi və zənnimcə elə ona görə evdə hansısa problem olub olmadığını soruşduqda Ayətlə bağlı eşitdiklərimi danışdım və imkanı varsa onu, heç olmasa, polisə ən kiçik bir işə düzəlməsində yardımçı ol­ma­­sını xahiş etdim. “Mən prokurorluqda ola-ola niyə kimdənsə xahiş edim” deyərək 2-3 saatdan sonra qəbuluna gəlməsini tap­şırdı.

Təxminən saat 17 radələrində İlyas müəllimin qəbuluna gəldim. Bir daha onunla maraqlandı və “əgər onu elə sən işlədiyin məhkəmələrə nəzarət şöbəsinə işə götürsəm, ona işi mənimsəmə­si­nə kömək edərsənmi” deyə məndən soruşdu. Müsbət cavabımı eşidən kimi “onu tap sabah səhər saat 9-da kadrlar şö­bəsində olsun” dedi. Rəhmətlik Şaiq Ayəti tapıb səhər 9-da kadrlar şöbəsinə gətirdi və həmin gün onun Respublika Prokrorluğuna işə gö­tü­rül­mə­si barədə əmr verildi və artıq səhəri gün Ayət işə çıxdı.”

 

Ümumiyyətlə İlyas müəllimin prokurorluğu dövründə SSRİ-nin müxtəlif yerlərində işləyən qırxa yaxın əməkdaş Azərbaycan Prokurorluğuna gətirilmişdi.

Bunlardan Nazir Bayramov, Vaqif İsgəndərov, Aleksey Abbasov, Ələkbər Rzayev, Layiq Mehdiyev, Rüstəm Usubov, Aslan Əzizov, İsrafil Məmmədbəyov, Azad Əliyev, Aslan İsmayılov, Eldar Mikayılov, İlham Məmmədov, Tofiq Ağacanov, Namiq Həsənov, Aslan Mirzəyev, Vaqif Abdullayev, Faiq Rzayev, Fərman Rzayev, Ayət Həsənov və başqalarını göstərmək olar. Həmin əməkdaşlar əsasən İlyas müəllimin etimadını doğruldaraq vəzifə pilləsində irəliləyişə nail oldular. Nazir Bayramov, Namiq Həsənov, Layiq Mehdiyev idarə və şöbə rəisi vəzifəsində, İlham Məmmədov Res­publika Hərbi Prokurorunun 1-ci müavini, Rüstəm Usubov isə Baş Prokurorun 1-ci müavini vəzifəsinədək yüksəldilər. 

(ardı  var)