AXŞAM-  yazdı Nazim Əhmədli

Ədəbiyyat 19:20 / 24.07.2025 Baxış sayı: 842

 

Bu axşam göyə baxırıq,

ikimizin bir Ayı var;

gəl, bölüşək ulduzları,

hərəmizin öz payı var;

ürəyimdən keçir nəsə,

könlüm atdanır bir sözə;

həsrət görünməz ki, gözə,

ürəyimin harayı var;

sevgi ruhdu, qədər deyil,

bu axşamlar kədər deyil;

dünya gəldi-gedər deyil,

ömrün-günün də sayı var;

danışma, ruhum oyanar,

ruhum özümdən o yana;

bu göyüzündən o yana,

dünyamızın bir tayı var;

bu axşam bir uzun gecə,

gözlərini aç, indicə;

ürəyimin içindəcə,

könlünün bir sarayı var.