İlqar Türkoğlu - Bilirsən ki, ruhumdasan, Asenam!

Ədəbiyyat 09:12 / 16.08.2025 Baxış sayı: 2497

Zirvəsindən ha baxsan da Yurda sən,

Ürəyində Ocaq da mən, Tur da mən.

Sənin üçün darıxmışam burda mən…

Dözmək olmur bu hicrana, a sənəm,

Bilirsən ki, ruhumdasan, Asenam!

 

Nə zamandı xumar gözlər süzülmür,

Töküb zülfün, əllərimə düzülmür,

İncə belin qollarımda üzülmür,

Bəs deyirdin dodağında busənəm?!

Bilirsən ki, ruhumdasan, Asenam!

 

Günah gəzib Arpaçayda, Arazda,

Boğulmuşam dilədiyim murazda.

Dərd ələdin dərdim üstə bir az da...

Vüsal üçün yarpaq kimi əsənəm.

Bilirsən ki, ruhumdasan, Asenam!

 

Ürək dözmür, xəstələnib gedirəm,

Bir “sevda”ya bəstələnib gedirəm,

Yavaş-yavaş dəstələnib gedirəm,

Elə mən də uşaq kimi küsənəm.

Bilirsən ki, ruhumdasan, Asenam!

 

Ulusundan Ulusuna Türk oğlu,

Saxla bir az gözün üstə ərk oğlu.

Türkoğluyam, Yaradanın ilk oğlu,

Heç demirsən ”lalə-nərgiz, süsənəm”.

Bilirsən ki, ruhumdasan, Asenam!