İlgar Turkoglu :  -  Gədəbəydə Sibir havası..

Ədəbiyyat 18:50 / 12.08.2025 Baxış sayı: 2110

 

Palıd yana yavaş-yavaş,

Kabab bişə közündəcə.

Əvvəl gələ pendir-lavaş,

Bal-qaymağı üzündəcə.

 

Qədəhimiz yenə dola,

Sağlıq deyək bala-bala.

Gül-çiçəkli bir yer ola,

Çadır quraq düzündəcə.

 

Canımızın kəssin heyi,

Havalansın çoban neyi.

“Əli-əlli” doldur meyi,

Sərxoş olum ”yüz”ündəcə.

 

Ala nərgiz, lala nərgiz,

Hər tərəfdə ola nərgiz.

Qoy çalınsın ”Bala nərgiz”

Ələsgərin sözündəcə.

 

Təbiətin gözəl vaxtı,

Çək kefini əzəl vaxtı.

Gözəlimin gözəl taxtı,

Yatıb qalım dizindəcə.