Gülnar Ümid : - Gözlərimin darağıyla açıram,
Gözlərimin darağıyla açıram,
Yollarının dolaşmış hörüyünü.
Sən düşmüsən yadıma, yelləyirəm
yuxum ilə gecənin yüyrüyünü.
Dilim boğur səssizliyin boğazın,
Qalmır daha danışmağa həvəsi.
Darıxanda nəfəsim də tükənir,
Vallah olmur darıxmağın nəfəsi.
Otağım bağlayıb qara yaylığın,
Xəyallarım gəlib hal-əhval tutur.
Göz yaşımı dəmləmişəm gecəyə,
Gör necədir, biraz yaxın gəl otur.
Gözlərinlə öpdüyüm pəncərəmi,
Külək örtür, öpür yağışlar indi.
Ömürdən fəsillər töküldü bir-bir,
Nə məni, nə səni bağışlar indi.