Faiq Balabəyli - Məni torpaq çağırır, kənd gözləyir yolumu
Məni torpaq çağırır, kənd gözləyir yolumu
Agrısı necə doğma xəstə ayaqlarımın
Kim nələri deyəcək, yozulacaq yorumu
Hər yatanda gördüyüm ağ-qara yuxularımın.
Oxşayıram əlimlə dizdən topuğa qədər
Ayağımın sinəmə uzanan bu ağrını
Bu ağrı hec bilirsən yaşatdı mən nələr?-
Əvvəl atamı aldı, çox sonralar anamı.
Papirosu atıblar qardaşlarım, bilirəm,
Məqamında, deyəsən, çəkiləcək elə dərd.
Yay da sovuşdu getdi, heç yanmadı halına
Qış da açığa düşüb, gələndə, gələcək sərt.
İndi məzar kimidir bu kənddə bu ev mənə
Divarna hopsa da doğmaların nəfəsi.
Ayağıma dolaşan bu ağrılar, acılar
Göz görəti öldürüb yaşamağa həvəsi.
Məni kim ağlayacaq, oxşayacaq kim məni
Anam torpağın altda, bacımın öz işləri.
Oğlum sığınıb durar yəqin, qardaşlarıma
Sinə daşımda damar qızımın göz yaşları.
Məni torpaq çağırıb, gəlmişəm, kənd yatıbdır
Xəstə ayaqlarımın ağrısı necə doğma
Bu ağrı qılığıma girib, tələsdirib beləcə
Qovuşdurmaq istəyir yəqin ata-anama...
18.09.2025.
Cəlilabad. Sabirabad kəndi.