Əşrəf Veysəlli : - Ahıllaşan, ağırlaşan ömrümüz.

Ədəbiyyat 09:57 / 04.08.2025 Baxış sayı: 2232

 

İsindikcə qəlbimizin odunda

Xəyalımız göyün yeddi qatında…

Qalacaqmı nəvələrin yadında

Şəkərləşən, nağıllaşan ömrümüz.

 

Günlərimiz dağdan aşan köç oldu,

Çox arzuya qovuşmadıq,- gec oldu.

Oğul balam, harda qaldı, necoldu

Ərənləşən, oğullaşan ömrümüz?!

 

Ömrün gözəl anlarını arzular

Arzuların nübarını arzular.

Payız günü baharını arzular

Zimistana yaxınlaşan ömrümüz.

 

Dünya ki var, boşalandı, dolandı

Məhəbbətdən qeyri hər şey yalandı.

Sevgi varsa, daş üstə də qalandı

Nəğmələşən, nağıllaşan ömrümüz.