Emin Piri - Puşkinlə Yesenin arasında

Ədəbiyyat 11:50 / 18.09.2025 Baxış sayı: 2262

 

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

 

"Saxla" işarəsin verir polislər,

Yenə düz keçməyib küçəni külək?!

Cibindən saralmış yarpaqlar çıxır,

Çəkir qorxusundan içini külək.

 

İçinə çəkilib, yığılıb sular

Daha hava udmaq da havayı deyil.

Deşilib gedibdi dənizin dibi,

Üzün dimdikləyən qağayı deyil!

 

Hələ də arzular dumana düşüb

Yenə də ümidlər bir yol axtarır.

Bu tənha adamlar, bu tək adamlar

Qoluna girməyə bir qol axtarır.

 

Yolları palçığa batmış o kəndin

Baca tüstüsünə isinir bulud.

Təndirdə küt gedib bir kündə sevgi,-

Bir azdan başlayar işini bulud.

 

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!