Elnur Uğur Abdiyev - Hərdən olur...
Hərdən olur,
Alışırsan təkliyinə.
Ürəyinin çəkdiyinə
Qol çəkməyir həyat özü.
Film kimi an içində,
Gün içində illər ötür.
Qocalmış xatirələrin,
Əllləri əsanı öpür.
Hərdən olur,
Uzanırsan öz kölgənə.
Çölündən yağır içinə
Tənhalığın yağışları.
Hərdən dən- dən baxışları
Səpirsən o xəyalında.
Ac anların çöl quşları
Dimdiyində dəni alır.
Hər o dəndə səni alır.
Təkliyindən çıxır adam
Yerində tənhalıq qalır.
Hərdən olur anlamayır
Səni heç kim.
Dərdə bax ki,
Burda heç kim olur hamı
Hərdən olur tanımırsan
İçindəki o adamı!