Elman Eldaroğlu : - Xəyalları gerçəkləşdirən adam...

Xəyal Rza- 45
Mehriban, sadə, təkəbbürdən uzaq adamdır. İnsanlara sevgiylə yanaşmağı, diqqət göstərməyi bacarır. Axırıncı dəfə onunla Şuşada görüşmüşdük. Yüz ilin dostları kimi bir-birimizdən hal-əhval tutub ayrıldıq. Amma çoxdandır ki, yollarımız kəsişmir...
“Mən mətbuat xidmətinə rəhbər təyin olunanda bəziləri deyib ki, biz onu tanımırıq. Bəli, bu mümkündür. Çünki nə mənim onları tanımaq, nə də onların məni tanımaq kimi borcumuz yoxdur. Təklif etmişəm ki, gəlin oturaq, tanış olaq. Çalışıram ki, hər kəslə münasibətlərimi yüksək səviyyədə qurum. Məndən əvvəl bu vəzifədə çalışan adam hər kəslə dost olan adam idi. O, bu dünyadan düşmən qazanmayıb getdi. Mən də çalışıram işimi dostluq konteksti üzərində qurum. Hazırda narazı insanlarla hansı layihələr üzərindən çalışmalı olmağın yollarını axtarıram. İstəyirəm birgə əməkdaşlıq edərək, dostluq münasibəti yaradım. Yəni barışdırıcı mövqe tutmaq istəyirəm...”- söyləyir.
O, 17 aprel 1980-ci ildə anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. Qəzetdə şöbə müdiri də olub, redaktor, baş redaktor vəzifələrində də çalışıb. Şair və jurnalistdir. 2001-ci ildə işıq üzü görən ilk kitabı "O dünyaya məktublar" adlanır. Ümumilikdə beşdən çox kitabın, eləcə də beşə yaxın şeirlər audio kitabının müəllifidir. "Aşk olsun" adlı türkcə şeirlər kitabı 2017-ci ildə Türkiyədə, "The World Smells Love" şeirlər kitabı isə 2021-ci ildə ingilis dilində nəşr olunub. 2010-cu ildən hər il 5 iyun tarixində keçirilən Şairlər Günü layihəsinin ideya müəllifi və təşkilatçısıdır. Hazırda Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə rəhbərlik edir...
Deyir ki:- “Ağdam deyəndə mənim yarımçıq qalmış arzularım, orada qoyub gəldiyim uşaqlığım yadıma düşür. Ən çox xatırladığım, məzəli də olsa, uşaqlıq sevgim, bir də başıma yağan qəlpələr, gözümün önündə alışıb-yanan evlərdir. Birinci sinfə gedəndə yüzə qədər sayıb beş almağım, müəllimimin alnımdan öpməyi, sevdiyim iki qızın arasında qalmağım- hamısı yadımdadır. İki qızı bəyənmişdim, bilmirdim ki, hansını sevim. Sonra gözümün qabağında alışıb-yanan Ağdam passajını xatırlayıram. İndi hansısa ticarət mərkəzinin təmtəraqlı açılış mərasimini görəndə mənə gülməli gəlir. Çünki Ağdamda olan ticarət mərkəzi heç bir yerdə yox idi. Ağdam çox imkanlı bir bölgə idi...”
Sovet hökuməti dağılandan sonra ölkəmizdə fəaliyyət göstərən kitab mağazalarının hamısının təyinatını dəyişdirib müxtəlif obyektlərə çevirdilər. Kitab oxuyanların sayı kəskin azaldı. Nə ictimai nəqliyyatda, nə parklarda, demək olar ki, heç yerdə əlində kitab tutub oxuyanlara rast gəlmirdik. Yarıcırılmış kitabları ancaq zibil qutularında, ağacdibində və s. yerlərdə görmək olardı. Doğrudur, tələbələr texniki kitabları mütaliə edirdilər, amma kitabxanalarda bədii kitabları isə toz basırdı. Bir sözlə, kitab urvatdan düşmüşdü. Sevindirici haldır ki, bir sıra soydaşlarımızın hesabına kitab oxumaq ənənəsi yenidən bərpa olmağa başlayıb. Həmin soydaşlarımızdan biri də haqqında söhbət açdığım Xəyal Rzadır. Bəli, onun təşkil etdiyi Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı məhz bu nəcib işə xidmət göstərir. Doğrudur, həftəboyu davam edən bu tədbirlərdə Bakı əhalisinin az bir hissəsi iştirak edir, amma necə deyərlər, başlanğıc olduğu üçün buna da şükür etmək lazımdır. İnanın ki, ötən otuz ildə Azərbaycanda kitaba bu qədər dəyər verilməyib...
Ümumiyyətlə, Xəyal Rzanın fəaliyyəti çox rəngarəngdir. Onun haqqında çox danışmaq olar. Bir şair kimi qələmə aldığı onlarla gözəl poeziya nümunələri var. Bir jurnalist kimi isə karyerası uğurlu olub. Bir vaxtlar 8 səhifə həcmində, həftədə 4 dəfə, 20 min tirajla çap olunan “Sensasiya” qəzeti onun əsas meydanına çevrilib. O, bu qəzetdə “O dünyaya məktublar” başlığı altında dərc olunan yazıları vasitəsilə məşhurlaşıb. Və sözügedən qəzetdə müxbir vəzifəsindən başlayaraq, baş redaktora qədər yüksələ bilib...
...Bəli, Xəyal Rza xəyalları gerçəkləşdirən adamlardandır...
Aprelin 17-si Xəyal bəyin 45 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayıram...