Əlizadə Nuri : - Sən evi neynirdin, evi tikilmiş?

Ədəbiyyat 15:15 / 18.08.2025 Baxış sayı: 2369

 

 

Ramiz Rövşənə

 

Yenə tərəzini kim belə əydi?

Bəlkə tərəzi də elə tələydi.

Evi olmasa da, bəy elə bəydi-

Sən evi neynirdin, evi tikilmiş?

 

Evsiz-eşiksizdi qoca xalıq da,

Sulara bürünüb yaşar balıq da.

Bu qurd-quş ulayan xarabalıqda

Sən evi neynirdin, evi tikilmiş?

 

Əzəldən beləymiş bu həyat, belə

Götür yer üzünü göyə at, belə...

Bir sözdən kiçikdir kainat belə -

Sən evi neynirdin, evi tikilmiş?

 

Sənə kim demişdi silahla oyna?

Günahkar axtarıb, günahla oyna...

...Get, evcik oynayan uşaqla oyna-

Sən evi neynirsən, evi tikilmiş?

 

Bu ömür yolunda daban qırılır...

Divanə olana divan qurulur.

Gör neçə könüldə yuvan qurulub-

Sən evi neynirdin, evi tikilmiş?

 

Bağbanı saxlayan barsa, a şair,

O ev qəfəs kimi darsa, a şair,

Sözün qanadları varsa, a şair-

Sən evi neynirdin, evi tikilmiş?

 

Yüyürüb yaxandan yapışıbsa qış,

Yaxınsa bu ölüm ciyəriyanmış.

Qələmin tikdiyi divardan yapış-

Sən evi neynirsən, evi tikilmiş?

 

Əzan ağrıyacaq, qəzan artdısa,

Ocaq çatmayacaq- qazan artdısa.

Dünya başdan-başa qazamatdısa

Sən evi neynirsən , evi tikilmiş?!

 

Bir körpə nəfəsi bəs eləyirsə,

Bir yağış nəğməsi bəs eləyirsə,

Bir ağac kölgəsi bəs eləyirsə-

Sən evi neynirsən, evi tikilmiş?

 

Qaranlıq əriyir yay işığında...

Dənizə çatmısan çay işığında.

...Başını qarışdır ay işığıyla-

Sən evi neynirsən, evi tikilmiş?!