Əlizadə Nuri : - DUA

Ədəbiyyat 11:40 / 17.08.2025 Baxış sayı: 2637

 

Ceyhun Alishliya

Balıqçı toruymuş ömür deyilən,

Hamı öz torunu yığıb gedəcək.

Bəlkə bu sevinclə şəkil çəkdirim?-

Onsuz da bir azdan çıxıb gedəcək.

 

Yaxşı ki, bu gecə səhərə çıxdı,

Bağrı çatlamadı bu tənhalıqdan.

Hamı bir dəryaya tor atıb durub

Qızıl bəxt istəyir qızıl balıqdan.

 

Mən yerə asiyəm, göylər də uzaq,

Nə yaxşı, ruhumun göy atları var.

Məni bu dünyada tapmaq çətindi

Tapacaq- kimin ki, qanadları var.

 

Ay aman, nə yaman uzunmuş bu yol-

Yolun yarısında yorulur hamı.

İndi ürəyindən sınır adamlar

İndi çörəyindən vurulur hamı

.

Qaldı şair başı dar ağacında-

O cavan saçlara indi dən düşür.

İlahi, bu dünya bir damla yaştək

Bəlkə də haçansa gözündən düşüb?!

 

Bəlkə son tövbədi sonuncu nəğmə,

Bəlkə son axşamdı elə bu axşam?

Bu dünya qərib bir şəhər kimidi

Mən də bu "şəhər" də azıb qalmışam...

 

Nə yaxşı, dilimə toxundu adın,

Başladım adından həya etməyə.

İlahi, nə yaxşı lal doğulmadım-

Nə yaxşı, dilim var dua etməyə!

 

O üzdə nə varsa, görə biləydim,

Bir gün açılaydı göyün yaxası.

İlahi, bir dəfə üzünü göstər-

Adamlar bilmir ki, hara yıxılsın...