Əlizadə Nuri : - Bəlkə balıqları dalğalar yeyir?..

Ədəbiyyat 10:20 / 12.08.2025 Baxış sayı: 1940

 

Yaman havalanıb bu hava yenə,

Havay adası da havayı deyil...

Bu qara günləri bizə göndərən

Kim deyir ağ divdi, ağ ayı deyil?

 

Günəş də acanda bir az qar yeyir,

Dəni dar macalda darğalar yeyir.

Bəlkə balıqları dalğalar yeyir-

Bəlkə də günahkar qağayı deyil...

.

İndi hər odundan od- ocaq olmaz,

İndi hər cındıra bu yamaq olmaz...

İndi bu tabutdan oyanmaq olmaz-

Daha bu yatdığım çarpayı deyil...