Əlirza HƏSRƏT : - DOYUNCA QOY BAXSIN GÖZÜM BU KƏNDƏ

Ədəbiyyat 11:40 / 11.08.2025 Baxış sayı: 2539

 

(Hər dəfə yolumuz kənddən düşəndə, mənim kimi həyacanlanan,mənim kimi kövrələn,gözlərim kimi də gözləri dolan,əzizim Valeh müəllim üçün)

Maşını asta sür,a bacı oğlu,

Doyunca qoy baxsın gözüm bu kəndə.

Dilimin ucunda qübar eləyən,-

Vardır deyiləsi sözüm bu kəndə.

 

Hanı əldən-ələ gəzən bənövşəm,

Quzu otardığım o çöl,o kövşən?

Hələ yerişimi dəyişməmişəm,

Bəlkə tanış gələ izim bu kəndə.

 

Hanı oynadığım o qoca dağlar,

Hanı o vədələr,hanı o çağlar?

Məktəb illərindən xatirəsi var,

İlk könül verdiyim qızın,bu kəndə.

 

...Yenə havaların üzü açılar,

Bir lalə solunca,yüzü açılar.

Deyirlər, "Kəhriz"in gözü açılar,

Su versəm gözümdən bizim bu kəndə...