Ələsgər ƏLİOĞLU : - MƏNİ BULAĞININ BAŞINA ÇEVİR

Dağlar, haraylasın şəlalən məni,
Öpsün duman məni, öpsün çən məni.
Qoynunda yaşayım təki,
Sən məni
Torpağına çevir, daşına çevir.
Təkcə çiçəyini görüm demirəm,
Şehli çəməninə girim demirəm;
Ömrümü yazınla sürüm demirəm,
İstəsən ömrümü qışına çevir.
Bəzən qəriblikdən bəndə düşmüşəm,
Haraydan düşmüşəm, ündən düşmüşəm.
Bağışla, qoynundan gen də düşmüşəm,
Məni bulağının başına çevir...