Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir- deyən AYDINIMIZ

Eldəniz Quliyev - 73
Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin! Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla...
Əmir Teymur onu görüb atdan düşür və əl uzadıb ona tərəf yürüyür. Yaxınlaşanda görür ki, Hafiz Şirazi diz üstə çöküb təzim edir. Əmir Teymur geri qayıdıb atına minir və əmr edir:- “Bu vilayətdə başıpapaqlı qalmamalıdır!..”
Cəngavər kimidir, atıldığı meydandan geri çəkilməyi xoşlamır. Özünə güvənir, ədalətsizliyə qarşı amansızdır. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən sərhədləri aşıb keçməyə səy göstərir və heç bir qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, tək olanda öz aləminə qapılır və problemləri unudur. O, elə düşünür ki, hamı onun kimi mübariz olmalıdır...
“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları - qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir. Bu gün insanlar arasında dərin bir uçurum yaranıb. Biz ziyalılar, bu uçurumun üzərində mayası hörmətdən, məhəbbət və səmimiyyətdən yoğrulmuş ünsiyyət körpüsü salmalıyıq."- söyləyir...
Emosiyonal adamdır, bəzən emosiyaları hisslərinə hakimlik edir. Dominantdır, üstünlüyü qoruyub saxlamağı bacarır. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyə çalışır. Bu da ona müxtəlif problemlər yaradır. Unudur ki, bu dünyada peyğəmbərlərin bərqərar edə bilmədikləri əlahəzrət Haqq, Qabil qardaşı Habili öldürəndən sonra Allahın divanındadır. Bu dünyada Haqq, nə də ki Ədalət yoxdur, Dürüstlük və Həqiqət var…
Haqqında söhbət açdığım Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusunun, "Kölgəsiz adam" hekayə və povestlər kitabının, "Rasim Balayev" kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur...
Deyir ki,- "Dükanda, bazarda, xəstəxanada, bankda, Tv verilişlərində, saytlarda, rəsmi, qeyri-rəsmi informasiyalarda, hökumət, qeyri-hökumət idarələrində və sair və ilaxır. Elə bilillər ki, hamı, üzr istəyirəm, ucdan tutma "lox"-du və fil qulağında yatdığından hamının qulağından "əriştə" asa bilərlər! Alladırlar, utanmadan, qızarmadan, vicdan əzabı çəkmədən alladırlar. Biz biçarələrin də əlindən özgə bir zad gəlmir, bircə şeydən başqa - biz də qayıdıb onları alladırıq. Yəni özümüzü elə aparırıq ki, guya yaşayırıq!.."
Bir vaxtlar Milli Şurada təmsil olunduğundan ölkədə iqtidara müxalif ziyalılardan biri kimi tanınır. Amma onun hakimiyyətdə təmsil olunmaq arzusu heç zaman olmayıb. Bu heç mümkün də deyil. Yaşının səkkizinci on illiyinə qədəm basıb. Ona sakit həyat, nəvələrilə gün keçirmək, ömrün son mərhələsini firəvan yaşamaq daha önəmlidir. Sadəcə, ölkədə baş verən neqativ hallara biganə qala bilmir. Bu da onun son dərəcə çılğınlığından irəli gəlir...
“Xalqa cənnət vəd edib onu cəhənnəmə aparmağa heç kimin haqqı, hüququ və ixtiyarı yoxdur. Mən bu cür siyasi qurumda, “Milli Şura”da olmaqdan xəcalət hissi keçirirdim. Odur ki, həmin qurumu tərk elədim, peşman da deyiləm.”- söyləyir...
Məcaralara meyillidir, daim hərəkətdə olmaq istəyi, səbirsizliyi bəzən ona problem yaradır, amma təcrübəli olduğundan bu çətinlikləri dəf edə bilir. Qəzəb və nifrət hissi ona yaddır. İnsanpərvər, xalqa bağlı adamdır. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. O, öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə əriyib gedir...
...“Facebook”da dost idik. Bir gün təsadüfən gördüm ki, məni dostluqdan çıxarıb. Səbəbini soruşdum, dedi ki, sən hökumət adamlarından, cəsarətsiz ziyalılardan da yazırsan, görəndə əsəblərimi cilovlaya bilmirəm. Belə yaxşıdır...
Bəlkə də haqlıdır, amma insanların hər biri Allahın əsəri olduğu üçün, onları Allaha xatir sevməyin vacib olduğunu unudur. Və ən ədalətli mühakimə Allahın dərgahında olacağına əmin deyil. Amma xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq...
“Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz "əsərlərini" bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..” Maraqlıdır, bu kəlmələr də ona məxsusdur...
Aprelin 20-si 73 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram. Bilirəm, çox narahatdır. Arzuladığı səhərin açılmasına çox tələsir. Amma obrazlı desək, səhər Günəş doğandan sonra açılır. Hələ ki, Günəş onun gözlədiyi Səhərə hamilə deyil...
Elman Eldaroğlu