Deputatı Tahir Rzayev Azərbaycan-ABŞ əlaqələrinin inkişafından danışıb.

SİYASƏT 16:46 / 06.08.2025 Baxış sayı: 4253

Xəbər verdiyimiz kimi, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü gözlənilir.

Mövzuya  münasibət  bildirərkən Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan-ABŞ əlaqələrinin inkişafından danışıb.

Deputat bildirib ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər və bu münasibətlərin genişlənməsi Azərbaycanın maraqlarına tam şəkildə uyğundur və ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"ABŞ ilə daimi münasibətlərdə olmaq, əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlığa getmək Azərbaycanın beynəlxalq nüfuzu və maraqları baxımından olduqca vacibdir.

ABŞ-də baş tutması gözlənilən üçtərəfli danışıqlar şübhəsiz ki, yüksək səviyyəli olacaq və mən inanıram ki, müəyyən razılaşmalar əldə olunacaq.

Bu görüş hər üç dövlətin milli maraqlarına uyğundur. Siyasi və iqtisadi böhran içində olan Ermənistan üçün bu istiqamətdə irəliləyiş onun gələcəyi üçün əsas ola bilər. Ermənistanın bu görüşü fürsət kimi dəyərləndirib qarşılıqlı əməkdaşlıq yolunu tutması onun xeyrinə olar.

Azərbaycan isə bu gün güclü ordusu, qüdrətli dövləti, cəsarətli prezidenti və sabit maliyyə imkanları ilə regionda möhkəm mövqe tutur. Ermənistanda isə xaotik vəziyyət hökm sürür.

Belə bir görüş gələcəkdə Ermənistanla Azərbaycan arasında razılaşmaların əldə olunması üçün zəmin yaradır. Mən hesab edirəm ki, Ermənistan bu görüşdə sülh sazişinin imzalanmasına ciddi şəkildə cəhd göstərməlidir. Sülh sazişinin imzalanması gələcək əməkdaşlıq, bərpa və quruculuq üçün yeni imkanlar açacaq. Bu məsələ Azərbaycan Prezidentinin son çıxışlarında da xüsusi vurğulanıb.

Lakin həm xarici, həm də daxili qüvvələr Ermənistan rəhbərliyinə azad və müstəqil siyasət aparmağa imkan vermir. Bu da onun bir çox sahələrdə hərəkət edə bilməməsinə səbəb olur. Bununla belə, bu görüşdən sonra konkret addımlar atmaq mümkündür və Ermənistan bu addımları atmalıdır. Əks halda, Ermənistan üçün vəziyyət daha da pis olacaq".