Bir xurmanın gücü - yazdı Təranə Məmməd

YAZARLAR 16:25 / 02.08.2025 Baxış sayı: 2646

 

Məşhur Şeyx Həsrullahın gün ərzində cəmi bir xurma yeyib doyduğunu klassik ədəbiyyatdan oxumuşdum, ancaq bircə dənə xurma insanın fikrini dəyişdirə biləcəyini heç görməmişdim.

Qonşu Ququr xala(əsl adı Qüdrət idi) çox vaxt evinə yaşı 80 -i keçmiş Bəyaz nənəmin həyətindən keçərdi. Əvvəllər rayonlarda qonşular arasında hasar ucalsa da heç vaxt bağlanmayan simvolik bir qapı da olardı. Ona görə qonşunun həyətindən keçib getmək adi bir hal idi.

Yayda nənəmin həyəti səs-küylü olardı. Bakıdan gələn nəvələri, nəticələri yığışardı nənənin başına. Nəhəng qoz ağacının kölgəsində samovar qaynadar, söhbət edərdik. Nənəm də bu yığıncaqlardan heç bezməz, bizə qoşulub deyib gülərdi.

Belə günlərin birində Ququr xala bizə ötəri salam verib tələsik öz həyətinə keçdi.

Nənəm üzünü turşudub

- Bu Ququrun da hec qanacağı, qabliyyəti yoxdu. Keçir həyətdən, bir hal-əhval da tutmur. Heç xoşum gəlmir bundan,- dedi.

Hərəmiz bir tərəfdən Ququr xalanı müdafiəyə qalxsaq da, nənəm yola gəlmədi.

-Əşşi, birinci dəfə deyil ki. Həmişə elədi. Elə keçir adamın yanından, eləbil Şah Abbasın nəvəsidi,- deyə yenə söyləndi.

Aradan çox keçmədi ki, Ququr xala əlində şirniyyatla, çərəzlə dolu iri bir bulud gəldi və:

- Bayaq keçəndə gördüm oturub çay içirsiniz. Bunları da məndən qəbul edin çay süfrənizə. Bu xurmanı da oğlum ərəbistandan gətirib. Buyur, ay Bəyaz xala, sən də bir dadına bax,- deyə qadın buludu nənəmin qarşısına qoydu.

Nənəm əlini uzadıb bir xurma götürdu, ləzzətlə yedi və:

-Bu Ququrdan yoxdu da! Bax həmişə belədi. Əlinə nə düşsə birinci mənə gətirir,- dedi.

Hamımız bir- birimizə baxıb əvvəl təəccübləndik sonra da "bir xurmanın gücünə bax ee!"deyə düşünüb xeyli güldük...