Adilə Nəzər : - Mən səni tanıyıram...

Ədəbiyyat 11:50 / 18.03.2025 Baxış sayı: 477

 

Hər səhər ilk baxdığım

qonur gözlərin olur –

həsrət çəkən,

ümid çökən gözlərin.

Sağ çiynində əli qalın dəftərli

bir mələk də görünür,

Solunda nə var, qadın?!

Mən səni tanıyıram,...

Hər gecə ilk baxdığım

dərin gözlərin olur..

şükr oxunuşları,

şükr sahibinin də

sənə toxunuşları...

And içmirsən, inanır,

danışmırsan, dinləyir...

Yaz həvəsli arzuna,

hicablı niyyətinə

baxaraq gülümsəyir..

Bulud baxışlarından

hərdən yağışlar damlar,

səni təkcə O anlar...

Bütün günahlarını

olmaza çıxır, sevin,

Olurda nə var, qadın?!

Mən səni tanıyıram...

Hər gün ilk baxdığım yer

yenə gözlərin olur..

Gülüşünə yazılmayan şeirlər

yığılsa kitab olar-

bəzən çağlar bulaq tək,

bəzən də kövrək, həzin.

Yuxunun bal yerində

hamarlar alın yazın

Tanrı

öz əziz qızın.

Bürün gələn Novruzun

al-qırmızı donuna,

təzə film çəkilir hekəyənin sonuna...

Elə ucadasan ki, yanına gələmmirəm..

Elə dərindəsən ki,

yanına dalammıram.

Mən səni tanıyıram...

Bircə bunu bilmirəm,

bəs niyə qəhərdəsən,

Yol alıb xəyallardan

elə hey səfərdəsən,

Yolunda nə var, qadın?

Adile Nezer