Kəramət : - HAMI İÇİNƏ ÇƏKİLİB-SON LİMANA

GÖRDÜYÜN DAĞLAR DA YERİNDƏ DEYİL
hördüyün saçlar da pırpızlaşıb
zənci saçına dönüb yaz duyğuları
qış dumanı qarışıb yaz dumanına.
Birdəfəlik canlı şpris...
öz yerində deyil bu şəhərin,
bir küçənin, bir evin sakinləri.
başqa yerə işləyir işçilər,
vergilər, bank faizləri.
Ayırmaq olmur qız oğlanları, oğlan qızlar.
Dollarla hesablayır adamlar adamları.
bir ormana kök atmır ağacları.
durğu işarələri götürülüb aramızdan
təkcə durnalar pozmayıb öz səfini.
hamı öz-özünə ömürlük məhkum
dışarı çıxsa, sərhədi pozmuş olar.
sərhəd dirəkləri belə qaçıb
əynində tikanlı məftillər, qanı axa-axa.
yeraltı dünyaya-zirzəmi kafelərə çəkilmişəm
hamı içinə çəkilib-son limana.
kimsə kimsənin kitabını oxumur
fatehəsi oxunub romantikanın...nostalji.
kimsəsi yox kimsənin
öz-özümlə danışıram, küsüşürəm-barışıram, mən də..
sən gördüyün dağlar yerində deyil.