Barat Vüsalın ŞEİRLƏRİ
DÜNYANIN ÖMRÜ
Bu sənət yarışı həyat yarışı,
Tökülən alnımın təridi, qardaş.
Açılsa qovğadan şairin başı.
Kərənin qırılan yeridi, qardaş!
Məni özü bilər duyub-duymayan,
Anlayıb, anmayıb, sayıb-saymayan,
Uduzar şairlə oyun oynayan,
Əlində taleyin zəridi, qardaş!
Baxma ki, çinardı qəfil budanan,
Baxma ki, öz ömrü gödəkdi yaman.
Tükənmək bilməyən bu vaxt, bu zaman
Hansı bəxtəvərin şeridi qardaş!?
Yayıl yer üzünə ey şerim-nəğməm,
Əsmə, kəndirimi kəsmə, ey qələm!
Həyatın bir güvənc yeri də mənəm,
Dərdim onun dərdi-səridi, qardaş!
Duy bircə misranın fəlsəfəsini,
“Allah da çox sevir şerin səsini”.
Şairdi fırladan yer kurəsini,
Ya şair qəlblinin biridi, qardaş?
Mümkündü, o nadan bir dərman ala,
Hayfını azardan-bezardan ala.
Şeri satmırlar ki, bazardan ala,
Allahın sehridi, sirridi, qardaş!
Kim ki, şairinə qıyır dünyanın,
Barat, o, qəlbinə dəyir dünyanın.
Uzanan ömrüdü şair dünyanın,
Ən yaxşı xeyridi-bəhridi, qardaş!
* * *
Qata-qata göz yaşına,
Oxşatmayın başqasına.
Baş daşından başdaşına,
Çaxır qəbirstanlar məni.
Neylim, çıxıb uğruma,
Nədi, görüm axırı nə?
Elə bilmə axırıma
Çıxır qəbirstanlar mənim.
Qəmin, dərdin vədəsidi,
Nə ayrıydı, nə dəs idi?!
Etsə gördüm edəsidi
Oğul...qəbirstanlar məni?!
Olan olur, huşda qalır,
Qəbir itir, daşsa qalır.
Anam əli boşda qalır,
Doğur qəbirstanlar məni?
AĞ ÇİÇƏK
Ağ günlərə çıxmalıydın,
çıxdın vətən,
Ağ günləri əllərində
möhkəm saxla!
Ağ günləri sənə haram edəcəklər,
Hələ hərdən səni susuz, ac qoymaqla,
İşığını sozaltmaqla,
Ocağını qaraltmaqla...
Hələ sinən para-para,
hələ sinən yara-yara,
Yaran köz-köz,
yaran göz-göz!
Hələ hansı addımdasa,
gəlir yenə günün qara,
çox dözmüsən ana Vətən.
buna da döz,
buna da döz!
Sənə baxıb öyünürəm,
yurdum, “əhsən!” – deyə-deyə,
Deyirəm ki, salam sənə,
Cavid ruhu, Müşfiq ruhu, Səməd ruhu,
Ağ günlərin ömrü-günü
daha uzun olsun deyə,
Xoş yaraşır anam, sənə,
Üzeyirin “Koroğlu”su!
Xoş yaraşır anam, sənə,
sənət ruhu!
Xoş yaraşır anam sənə,
özgənin yox,
öz süfrənin çörək-suyu.
Sən dözmüsən taleyinin
min qəminə,
Öz yolundan dönməmisən
amma Vətən!
Diz çökürəm daha gözəl
gün naminə,
Mən öpürəm bir az solğun,
qarayanız günlərinin
əllərindən!
Bəli, bir az qaralıq var,
suyu şirin sifətində,
Mərd dayansaq, bərk dayansaq,
zaman yuyub aparacaq!
Həmişəlik sevinəcək
yerim-göyüm.
Mənə Vətən göstər görüm,
olsun mələk surətində,
Özüm sənə qurban olum,
qara kişmiş, qara torpaq,
Özüm sənə qurban olum,
qaraqılçıq buğdam mənim!
Özüm sənə qurban olum,
qara donlu ağ çiçəyim!
KOROĞLU DAŞI
Deyirlər, Koroğlu hara gedir-getsin, özüylə bir daş apararmış.
Yatanda başının altına qoyarmış.Dəlilər üstü nişanlı olan bu daşı yaxşı
tanıyırmışlar.Bir dəfə Koroğlu öz dəliləri ilə Zəngəzur dağlarına ova
çıxır.Hərə bir tərəfə dağılışır, hamı bir-birindən aralı düşür.Koroğlu
dəliləri bir yerə yığmaq üçün Çənlibel daşını Zəngəzur dağının arasından
keçən yola qoyur.Bunu görən dəlilər bir yerə toplaşırlar.
Xalq əfsanəsi
Sənin ağrın alım Koroğlu daşı,
Gözümün, könlümün
nəşəsi daşım!
Sənə əl vurammaz bir oğrubaşı,
Düşmənin başına düşəsi daşım!
Ya səni diyacaq, ya yanacağam,
Bu baş çiynə yükdü,
döy, onda, əlim!
Minillik yuxudan oyanacağam,
Sənə toxunanda, dəyəndə əlim.
Düşüb dağa-daşa yurdu gəzirəm,
Koroğludan qalma
yurdumdu o daş.
Mən də haray çəkib ordu gəzirəm,
Sən demə, basılmaz ordumdu o daş!
Soxulur gör neçə burun, o daşa,
Bir gün xəbər tutar,
bilər Koroğlu.
Tapın əlinizi vurun, o daşa,
Gələcəm, demişdi, gələr Koroğlu!
Azmı Koroğlunun xətrinə dəymiş,
Azmı dağılmışıq, köç etməmişik?!
O daş Koroğlunun vəsiyyətiymiş,
Başımız qarışıb,
eşitməmişik.
O gələn, yüksələn qonşu səsimi,
Atdığı güllələr xoşdumu ona?
Kəsilən Qıratın kişnərtisimi,
Yoxsa ki, o qaya-daşdımı donan?!
Sənin ağrın alım Koroğlu daşı,
Yol açan Təbrizə, Hələbə, sənsən.
Yenəmi kor gözüm görməyir, çaşır,
Qələbə gəzirəm, qələbə sənsən!
Niyə varlığını çağrış sanmırıq,
O üstü nişanlı daşın, Koroğlu?
Bir yerə toplaçıb, yığışammırıq,
Deyəkmi, sağ olsun başın, Koroğlu?!
... Yenə nurlandırsın ağılı işıq,
Saxlayaq zamanın qışını yadda.
Niyə Zəngəzurda dağılışmışıq,
Nə qoysun Koroğlu başının altda?!
... Gözümüz qalanda altunda qalıb,
Daşıyır çiynimiz künə başları.
Bir daş ayağımız altında qalıb,
Yağır başımıza tənə daşları!
ŞƏHİD OĞLU
Yol üstə dayandı qəfil bir maşın,
İçindən hərbiçi bir kişi düşdü.
Bir oğlan uşağı qaçdı qabağa,
Bir atayla oğul belə görüşdü.
İstədi uşağı danlasın ata,
Baxdı qaş-qabaqlı,
bir az da küskün.
Uşaqsa sevindi, həmin küçəyə,
O gün oynamağa gəldiyi üçün.
...Ürəyimdə qəm var,
gözümdə nəm var,
Yaxında, dağlarda atəş səsləri,
Onu səslədilər maşındakılar,
O getdi, uşağın doldu gözləri.
O tanış küçədən yolum düşəndə,
Görürəm vurnuxur uşaq necə də.
Sanır ki, atası bir gün qayıdıb,
Doyunca bağrına basacaq onu,
Elə həmin yerdə, həmin küçədə...
Bir ata köksünü dəldi güllələr,
Ağaran bir gəlin saçlarına bax.
Gəlib o küçədə oynayır hələ,
Maşın dayananda,
adam düşəndə
baxır, yüyürəmmir daha bir uşaq!..
TAYKEŞ AYAQQABI
(Qərbi Azərbaycandan qovulmuş soydaşlarımıza)
Bərk-bərk sinəsinə sıxmışdı onda,
Körpə qız bir taykeş ayaqqabını.
Əlindən almışdı yol qırağında,
Qaşqın adamların olan tabını.
Ayağı yalındı, başı açıqdı,
Gözləri dolmuşdu, deyəcəm niyə.
Dərdi çox böyükdü, özü kiçikdi,
Halı qalmamışdı sakitləşməyə.
Körpə qardaşını öldürmüşdülər,
Bir ayaqqabısı çıxıb qalıbmış.
Yanıb o körpə qız, o körpəcə qız
Qardaş iyisini ondan alıbmış.
Baxıb doğma evə, doğma qapıya,
Bacıdı, harayı yüksəlib göyə.
Üzünü söykəyib ayaqqabıya,
Oxşayıb: “Ay mənim qaqaşım” - deyə.
Yol üstə adamlar ağlaşırdılar,
Unudub özünün malı-mülkünü,
Unudub özünün dərd-əzabını,
Başına yığılıb körpə bir qızın,
Bir taykeş, bir köhnə ayaqqabının.
Hardasa dinirdi düşmən topları,
O qız da baxırdı baxışında qan.
Yadına düşmürdü yuxa paltarı,
Müğayat olurdu ayaqqabıdan.
Yel əsir, qarşıdan qış gəlirdi, qış,
Nələr düşünürdü körpə qız, nələr!
Köksünə sıxırdı ayaqqabını,
Qorxurdu qardaşı üşüyə bilər.
Baxın bir uşağın faciəsinə,
Öpürdü bir taykeş ayaqqabını.
Ağlayıb sıxtayır, ovunmayırdı,
Onu geyinmişdi öz sinəsinə,
Soyun, deyirdilər, soyunmayırdı.
O qız od tökürdü gözündən o gün,
O qızın baxışı qanlı bir baxış.
Düşdü həmişəlik gözümdən o gün,
Bu dünya bir taykeş ayaqqabıymış?!
O qız görən harda, hardadı indi,
Bəlkə də tükənib taqəti, tabı?
Yəqin nə dincəlir, nə yatır indi,
Başının altında bir ayaqqabı...
YARAMA TORPAQ TÖKÜN...
Əriməli, yanmalı pərvanələr şam üçün,
Bu sözlər qanun olsun gərək hər adam üçün,
Dizinizə döyməyin, qan verən yaram üçün,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər saatım olsun!
Vətənin qarşısında bu əsgər andım olsun:
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Bəsdi deyib ağladım, yoxdu bir kəsim deyə,
Qoymaram borclu qalıb ruhum tələssin göyə?
Anamın göz yaşları bir yolluq kəssin deyə,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Bu səs əsgər səsidi, ürəkdən gəlir, bilin!
Yatmış baxtım, iqbalım, oyanıb gülür, bilin.
Qoy o qız da durmasın, elə boynu bükülü,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
Qan itirə-itirə elə bil qan tapmışam,
Allahdan nazil olan Quran, iman tapmışam.
Bütün dərdləri yenən təzə dərman tapmışam,
Mən ayağa qalxacam,
yarama torpaq tökün!
SƏNƏ GÜVƏNƏSİ OLMADI VƏTƏN
Gətirmə Vətəni yadına, yeri!
Düşmə bir dəhşətin oduna, yeri!
Südəmər uşaqsan, sədəmə dəyər,
Siçan deşiyini satın al,yeri,
Sənə güvənəsi olmadı Vətən!
Demirlər o gələn qoşunu saxla,
Deyirlər o dağın qaşını saxla!
Durub boylanırsan nə olub deyə:
Sən də get, bir təhər başını saxla,
Sənə güvənəsi olmadı Vətən!
Dayanıb uzaqdan sərhədə boylan,
Kimdi fikir vermə qaçan, qovulan?
Dörd-beş dəmirqara odunu gərək,
Qavırğan isinə bəlkə, ay oğlan ,
Sənə güvənəsi olmadı Vətən!
Qələmə yatıbdı yamanın əli,
Qələmə yatarmı yananın əli?
Səninki çənədi, üyüt, tök, danış,
Niyə dizindədi ananın əli?
Sənə güvənəsi olmadı Vətən!
Əllərin nə silah, nə qurşun tutdu,
Əllərin qəpiyi-quruşu tutdu.
Dərdin çəkiləsi deyil ha sənin,
Səni fələklərin qarğışı tutdu,
Sənə güvənəsi olmadı Vətən!
A küncə qısılan, a küncdə dinən,
Dönmədi səngərə-sipərə, sinən.
Hərbi tribunal bir qərar verib,
Həmənki qərarı oxuyuram mən: -
Sənə güvənəsi olmadı Vətən!
MƏNİ ÖZ QƏBRİMƏ QOYUN
Qoymayın seçilsin ilk beşiyimdən,
Siz məni özümün qəbrimə qoyun.
Siz məni etməyin ev-eşiyimdən,
Siz məni özümün qəbrimə qoyun!
Bələnim qanımın qanına kimi,
Yollanım Allahın yanına kimi.
Aparın dünyanın sonuna kimi,
Siz məni özümün qəbrimə qoyun!
Hər cibdən bir cürə güllə çıxacaq,
Canımız min cürə yolla çıxacaq.
Haranı qazsanız kəllə çıxacaq,
Siz məni özümün qəbrimə qoyun!
Səbri sanmayın ki, çoxdu səbrimin,
Olmazdım, olsaydı baxtı dərdimin,
Əlim ətəyindən çıxdı qəbrimin,
Siz məni özümün qəbrimə qoyun!
Hazır bir qəbirmiş bu yorğan-döşək,
Qazılı qəbirmiş bu yorğan-döşək.
Pozulu qəbirmiş bu yorğan-döşək,
Siz məni özümün
qəbrimə qoyun!
Susmazdı bu qəlbim, özgə qəlbidi,
Bu zirvə dərədi, üzdə qəlbidi.
Vallah, yer kürəsi özgə qəbridi...
Siz məni özümün
qəbrimə qoyun!