BAHAR BƏRDƏLİ,   Filologiya elmləri doktoru- 80-ci İLLƏR AZƏRBAYCAN ƏDƏBİ NƏSLİNİN  POEZİYASI  MÜSTƏQİLLİK  İLLƏRİNDƏ

YAZARLAR 10:29 / 02.09.2025 Baxış sayı: 5582

 

                                        ABUZƏR BAĞIROV

 

Azərbaycan ədəbiyyatında XX əsrin 80-ci illərində ədəbi fəaliyyətə başlayan böyük bir ədəbi yazar nəsli vardır. Nurəngiz Gün, Əbülfət Mədətoğlu, Abuzər Bağırov, Avdı Qoşqar, Əjdər Ol və s. Bu ədəbi nəslin yaradıcılığı  Müstəqillik illərində  vətənpərvərlik mövzusunda yazdıqları əsərlərlə xüsusilə boy verməyə başlamışdı. Onlar İstər Müstəqillik uğrunda gedən mübarizə illərində, yəni 1988-1991-ci illər, istər Müstəqil  Azərbaycan dövləti qurulduqdan sonra, 1991-2025-ci illərdə, istərsə də Qarabağ müharibələri, Böyük Qələbə, Zəfər bayramları haqqında çox yüksək şəkildə poetik nümunələr yaratmışdılar.  80-cilər Azərbaycan ədəbiyyatında özlərinəməxsus önəmli yer tutmaqdadırlar. Onlardan biri də Abuzər Bağırovdur.

Şair, publisist, tərcüməçi, Filologiya elmləri doktoru, professor Abuzər Bağırovun( Abuzər Turan ) yaradıcılıq üfiqləri daha geniş və zəngindir.O, 70-ci illərin sonunda ədəbiyyata gəlsə də 80-ci illərdən etibarən özünü bir şair, tərcüməçi, publisist kimi təsdiq etmişdir. 1981-ci ildən talehini Moskva şəhəri ilə bağlayan Abuzər Bağırov  bu şəhərin ədəbi mihitinə qaynayb-qarışmış, həm şeirləri ilə, həm də məşhur rus şairlərinin əsərlərinin tərcüməsi ilə diqqəti cəlb etmişdir. Daha sonralar - XXI əsrin əvvəllərindən etibarən isə həm də ədəbiyyatşunas alim kimi tanınmışdır. Hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun proffessoru olan Abuzər Bağırov Azərbaycan - Rusiya  elmi, bədii əlaqələrin genişlənməsində, möhkəmlənməsində fəal rol oynayır.

Azərbaycan Milli Elmlər Akademiyasının  Müxbir üzvü Tehran Mustafayev (Əlişanoğlu) özünün “Azərbaycan ədəbiyyatının Moskva üfüqləri” məqaləsində yazır: “Abuzər Musa oğlu Bağırov Moskva-Azərbaycan ədəbi mühitinin son sovet dönəmi və müstəqillik dövründə yetirdiyi qabaqcıl nümayəndələrindən biri və bu gün də ən fəal təmsilçisidir. Onun Moskva elmi-mədəni mühiti, xüsusən nəşriyyat aləmi ilə yaratdığı əlaqələr bu sahədə ardıcıl layihələri milli ədəbiyyatın çağdaş dünyada tanınması işinə böyük töhfələr verir”. Daha sonra Tehran Əlişanoğlu Abuzər Bağırovun elmi fəaliyyətindən, elmi əsərlərindən, onun “Moskva – Azərbaycan ədəbi mühiti” monoqrafiyasından geniş bəhs edir.

Xalq şairi Sabir Rüstəmxanlı Abuzər Turanın Moskvadakı ədəbi-bədii fəaliyyətindən bəhs edərkən yazır: “Mədəniyyət, ədəbiyyat siyasi sistemlərdən, dövlətlərin münasibətlərindən asılı olmayaraq bütün dövrlərdə xalqlar arasında  ən etibarlı ünsiyyət körpülərindən, mənəvi infarmasiya daşıyıcılarından, insanlığın ruh və düşüncə rüzgarlarını qitədən-qitəyə əsdirən güclərdən biri olmuşdur”. Xalq şairi daha sonra göstərir ki, bu gün Abuzər Bağırov Moskvada yaşayan tanınmış və ən çox səmərəli fəaliyyət göstərən ziyalılarımızdandır.

2018-ci ildən Abuzər Turan həm də Azərbaycan Yazışılar Birliyi Moskva bölməsinin rəhbəri kimi də fəaliyyət göstərir. O, Moskvada yaşayan yazarların yaradıcılığına xüsusi önəm verərək onların rus dilində çapına, Rusiya ədəbi mühütində geniş yayılmasına qayğı ilə yanaşır.

Şairin akademik İsa Həbibbəyli ilə birgə hazırladığı “Azərbaycan Turanın incisidir” monoqrafiya-antologiyası da onun yaradıcılığında mühüm yer tutur. Bu kitab Azərbaycan folkloru və yazılı ədəbiyyatının poetik şedevrləri ilə ətraflı tanış olmağa imkan verir. Materialların uğurlu təqdimatı onun həqiqi mütəxəsislər tərəfindən həyata keçirilməsinin bariz nümunəsi və nəticəsidir.

MÜHARİBƏ VƏZƏFƏR DASTANI

Abuzər Turanın elmi yaradıcılığı və Moskvadakı ədəbi əlaqələri, tərcümələri ağır gəlsə də, şair öz dəsi-xəttinə də sadiq qalmış, diqqəti cəlb edən poetik nümunələr yarada bilmişdir. Onun şeir-poemaları Ədəbiyyat qəzetində, həmçinin Azərbaycanın digər dövrü mətbuatında vaxtaşırı çap olunmuşdur. Bu dövrün, yəni Müstəqillik illərinin Azərbaycan poeziyasında başlıca mövzulardan biri işğalçı erməni ordusuna qarşı aparılan Birinci  Qarabağ ( 1988-1994-cü illər) və İkinci Qarabağ (2020-ci il) müharibələrinin təsvir, tərənnümüdür. Bu dönəmdə - son otuz ildə Vətənpərvərlik duyğularını, döyüşən ordumuzu, Qarabağı, onun baş tacı olan Şuşanı, Böyük Zəfəri, Qələbəni tərənnüm edən yüzlərlə poema-şeirlər yazılmışdır. Xüsusilə İkinci Qarabağ müharibəsi, onun qalib gəlməsi, Qarabağın zümrüd qaşı Şuşanın və Küllü Qarabağın (Böyük Qarabağın) azad edilməsi poeziyanın qızıl xəttinə çevrilmişdi. Xalq şairlərindən Nəriman Həsənzadənin “Zəfər yolu”, Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ramiz Duyğunun “Zəfər yolu” və onlarca şairin şeir-poemaları bunu deməyə əsas verir. Bu əsərlər içərisində Abuzər Turanın “Zəfər nəğməsi” poeması da mühüm yer tutmaqdadır. Əsər Qarabağ müharibəsində qalib gələn igid döyüşçülərimizin, yenilməz ordumuzun və Ali Baş Komandanın fəaliyyətinə, Böyük Qələbəsinə həsr olunub. “Zəfər nəğməsi”ni Dostluq dastanı, Dostluq nəğməsi də adlandırmaq olar. Çünki bu müharibədə Azərbaycan xalqının yanında olan Türkiyə və Pakistan xalqları, onların dövlət başçıları Böyük Zəfərin çalınmasında çox böyük maddi, mənəvi qüvvə, dəstək  olmuşdular. Odur ki, bu əsər həm də hər üç xalqın dostluğundan, qardaşlığından da bəhs edir. Əsər dörd fəsildən ibarətdir.

Poemanın “Zəfərin özü səndə, Ali Baş Komandanım!” adlı birinci fəsli Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə, onun haqlı döyüşdə müqəddəs  qələbəsinə həsr olunub. Ali Baş Komandanın daxili-xarici siyasətindən, Vətən müharibəsinə necə hazırlaşmasından və onun düşmənin başında çatlayan “Dəmir yumruğ”nun qeyri-adi gücündən danışan şair  Prezidentin çox səmimi,  igid, yenilməz komandan olan orjinal bədii obrazını yaratmışdı:

                                        Yumruğu dəmir olan, Qatilə verməz aman,

                                        Mane olmaz çən-duman, Uca dağda qar-boran.

                                                                    Ali Baş Komandanım!

              ... Xalqımın gözü səndə,  Qorqudun izi səndə,

              Əməlin düzü səndə, Zəfərin özü səndə,

                                                                   Ali baş komandanım!

44 günlük Qarabağ müharibəsindən bəhs edən bir çox əsərlərdə Ali Baş Komandana ittifahlar olunmuşdur. Elə yuxarıda adını çəkdiyimiz  Nəriman Həsənzadənin “Zəfər yolu”, Ramiz Duyğunun “Zəfər yolu”, Sabir Rüstəmxanlının “Qarabağa dönüş”  və s. poemalarda, həmçinin Sabir Rüstəmxanlının “Qələbə tivindləri” şeirində belə ittihaf və ya  müraciətlər  çoxdur:

                                Qovur öz yuvasına quduzlaşan itləri,

                                Ali Baş komandanın Qələbə tivindləri...

Abuzər Turanın  poemasındakı müraciət-ittihavlar isə özünəməxsus orjinallığı, pafosu və səmimiliyi ilə seçilir, fərqlənir.                                   

 “Sayın Cumhur Başqanım” adlı ikinci fəsil Türkiyə prezidenti cənab R.T. Ərdoğana,  onun hər zaman xalqımızın, dövlətimizin, Ali Baş Komandanın yanında olmasına şair təşəkkürünün bariz nümunəsidir:

                                             “Bir millət, iki dövlət”, Ulu Öndər, min rəhmət!

                                               Əbədi, dərin hikmət, Bizə, Sizə vəsiyyət,

                                                                               Sayın Cumhur Başqanım

             Türkiyəm birdən birə, Yaratdı xoş mənzərə,

             Döndü qalxan-sipərə, Zireh oldu bizlərə-

 Sayın Cumhur Başqanım!!!

Azərbaycan – Türkiyə birliyini “xoş mənzərə”, “qalxan-sipərə” bənzədən şair bu həmrəyliyi əbədi dostluq kimi real boyalarla çox səmimi, poetik ustalıqla tərünnüm edir.                               

“Əziz Vəziri-Əzəm” hissəsi isə Pakistan İslam Respublikasının Baş naziri İmran xan Əhmədə həsr olunan poetik incilərdir,- desək, səhv etmərik.

                              Oldunuz darda həyan, Dost bilib bizi sayan,

                               Halımıza çox yanan, kişi kimi bərk dayan-

                                                                       Əziz Vəziri-Əzəm!!!

 

                                 ...Açıq dedin sözünü, Tutdun işin düzünü,

                                 Göstərdin sərt üzünü, Tökdün düşmən gözünü –

                                                                    Əziz Vəziri-Əzəm!!!

2020-ci ilin sentyabrın sonunda başlayan Azərbaycan Vətən müharibəsinin ilk günlərindən Pakistan dövləti öz mövqeyini ortaya qoyaraq Azərbaycan xalqının yanında olduğunu bəyan etmişdir. Əlbəttə, bu, çox qürurverici bir münasibət idi və Azərbaycan şairinin diqqətindən kənarda qala bilməzdi.

Poemanın “Müqəddəs qalib üçlük” hissəsi isə hər üç Pespublikanın birgə mübarizəsindən, dostluğundan, qardaşlığından, sevinc və kədərindən bəhs edir.

                                    ... Pislikdə yox əliniz, Hədyan deməz diliniz,

                                    Salehdi əməliniz, Haladı təməliniz-

                                                                   Müqəddəs Qalib Üçlük!!!

Akademik İsa Həbibbəyli poema haqqında yazır: “Abuzər Turanın “Zəfər nəğməsi” poeması janr baxımından ictimai-siyasi məzmuna malik lirik poemadır. “Zəfər nəğməsi” Böyük Qələbədən vəcdə gəlmiş  Azərbaycan şairinin poetik monoloqudur.  Bu poemada tarixi Zəfərdən doğan qeyri-adi sevinc, milli qürur, böyük iftixar hissi çox səmimi və ilhamlı misralara çevrilmişdir”. Sonra akademik İsa Həbibbəyli haqlı olaraq göstərir ki: “Abuzər Turanın  “Zəfər Nəğməsi” poeması  Azərbaycan Ədəbiyyatında Vətən müharibəsində qazanılmış  tarixi Zəfərə həsr olunmuş poetik dastandır... Azərbaycanın Böyük Zəfərinin qalibiyyət nəğməsidir... Yeni zəfərlərə çağırışın poetik mesajıdır!!!”.

Abuzər Bağırovun “Zəfər nəğməsi” poeması həm öz yaradıcılığında, həm də ədəbiyyatımızın zəfər dastanları sırasında özünəməxsus xüsusi yer tutur. Vətənpərvərliyi, insanpərvərliyi, dosluğu, qardaşlığı, həmrəyliyi vəsv edən bu əsər,  eyni zamanda, 80-ci illər ədəbi nəslinin də bir uğurudur, zəfəridir.

Abuzər Bağırov həyatın, dünyanın sərt həqiqətlərini, bütün ağrı-acılarını, gerçəkliyi, ziddiyətləri, təzadları misralara yükləyir və öz fəlsəfi düşüncələrini də bu misralarda  sərgiləyə bilir. Poemanın hər bəndində bir böyük məna gizlənir. Şair özü də bu həyati hadisələri kənardan izləmir. Bütün ağrı-acıları yaşayaraq oxucusuna ötürə bilir. O, dərin ağlı, güclü intilekti ilə gerçəkliyin fəlsəfəsini aça bilir. Çünki şairin hadisə-predmetlərə  nüfuzedici müşahidə qabiliyyəti çox güclüdür.

Azərbaycanda 1991-ci ildən başlayan Müstəqillik illərinin ədəbiyyatı özündən əvvəlki illərin ədəbiyyatından köklü surətdə fərqlənir. Yazdığımız kimi, bu illərin başlıca mövzuları Müstəqilliyin bərpası və qorunması, işğalçı erməni ordusuna qarşı başlanan Qarabağ müharibələri, bu müharibədə çalınan böyük Qələbə, Zəfər ədəbiyyatın əsas ana xəttini təşkil edirdi.  Məhz bu xətti əks etdirən şeir-poemalar  dövrün ədəbi güzgüsünə çevrilmişdi. Şairin xarakterindən, xasiyyətindən asılı olaraq zahirən nə qədər  sakit pıçıldasa da, daxilində tufanlar qopur... sadəcə olanları təsvir edir...Qəzəbi, kini, düşmənin vəşiliyini, faşistliyini oxucunun öhdəsinə buraxır.                                       

Qarabağ müharibəsi, şəhidlik, qaçqınçılıq və bütün ictimai-siyasi hadisələr Vətənini sevən hər bir şairin dərd ağacına, baş mövzusuna çevrilib. Hadisələrə öz baxış bucağından yanaşan hər bir yazarın öz dəsti-xətti, öz səmimi yanaşması var.

Akademik Bəkir Nəbiyev II Dünya müharibəsi mövzusunun ədəbiyyatda işlənməsindən  bəhs edərkən özünün “Kamalın təntənəsi” adlı əsərində yazırdı: “Böyük Vətən Müharibəsi və bədii ədəbiyyat problemi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən  çox mühüm və aktual problemlərdən biridir...” Çünki... “ bu fəlakətlərin bir daha təkrar edilməməsi naminə yeni nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və bu mövzunun getdikcə daha vüsətli miqyasda, daha mükəmməl sənət əsərlərində işlənməsi dövrün zəruri  tələbi idi”.

Bu mənada müharibədən bəhz edən bədii əsərləri mövzu baxımından iki qismə bölmək olar:

1. Müharibənin birbaşa özünü, yəni döyüş səhnələrini, əsgər-hərbiçilərin igidliyini, qəhrəmanlığını, vətənpərvərliyini, Komandirin - Sərkərdənin orduya düzgün istiqamət verməsini, Qələbənin, Zəfərin böyüklüyünü, şirinliyini yüksək pafosla tərənnüm edən əsərlər;

2. Müharibədən sonra onun vurduğu maddi, mənəvi ağrı-acıları əks etdirən əsərlər.

Abuzər Turanın “Zəfər nəğməsi” poeması birinci qisim mövzulara aiddir. Onun əsəri Böyük  Zəfəri, Böyük Qələbəni, vətənpərvərliyi tərrənnüm etməklə yanaşı, dostluğu, qardaşlığı da yüksək pafosla təsvir və tərənnüm edir. Şairin üç ölkənin dostluğunu əks etdirən misraları bunu deməyə imkan verir:

                Pislikdə yox əlimiz, Hədyan deməz dilimiz,

                 Salehdi əməlimiz, Halaldı təməlimiz –

                                                       Müqəddəs Qalib Üçlük!

 

                              Hədəfimiz Turandı, Kitabımız “Quran”dı,

                              Üçlüyün dostluq andı, Bəşər oğlu İnsandı...

                                                                     Müqəddəs Qalib Üçlük!!!

Demək, müharibənin öz qanunları, diktələri var. Poeziyanın lirik qəhrəmanı  bu ağır həyat tərzinə hazır olmalı və eyni zamanda, mübarizəsindən, qəhrəmalığından da geri çəkilməməlidi. Çünki söhbət Vətənin taleyindən,  onun Birliyindən, Bütövlüyündən, Azadlığından gedir.

Beləliklə, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yaranmasında, formalaşmasında  80-ci illər ədəbi nəslinin də xüsusi və böyük əməyi vardır. Bu ədəbi nəslin yaradıcılığında baş mövzu, ana xətt Vətən, onun problemləri, Azadlığı, Bütövlüyü uğrunda gedən  mübarizələrdir. Bu mübarizələrin təsvir, tərənnümü vətənpərvərlik duğularının böyüklüyündən, sonsuzluğundan xəbər verir. Xalq şairi Söhrab Tahir yazırdı: “Əgər sənətkar öz poetik duyğularında mənsub olduğu millətin, xalqın istək və arzularını, fikir və ideyalarını bütün incəlikləri ilə əks etdirməyi  bacarırsa, demək o, xalqın ürəyinə yol tapan əsl sənətkardır”. Bu mənada  Abuzər Turanın  poeziyası Müstəqillik illəri Ədəbiyyatında önəmli yer tutmaqla yanaşı, xalqının da qəlbində məskən salmışdır. Onun istər bədii yaradıcılığı, istərsə də elmi, tərcüməçilik fəaliyyəti daim diqqət mərkəzindədir.