Aysel Xanlarqızı Səfərli :- Adamların zəhər sözün

Adamların zəhər sözün
Oyaq başla çəkmək olmur,
Tanrım, mənə yuxu ver…
Alışmışam,
Xoş nə varsa ver özgəyə,
Göz yaşardan dumanından
Gətir, çəkim ahı,
ver…
Buludlanmış fikirləri,
Xoşbəxtliyin abidəsin
O adamın dodağında
Sözdən sözə yıxıb, ver…
Bir orqan bağışı kimi,
yaddaşımı,
Ver alzeymer xəstəsinə,
Anam səhvən doğub,
ver…
Şans istəsəm, yolun azar,
qəza edər.
Atılası nə dərdin var,
Ver, nə varsa yığıb, ver…
Tanrım,
gücün çatsa məni,
Təkrar zalım biri kimi
Bu dünyaya doğub ver…