Ayaz Arabaçı : - Xoşbəxtlik dediyin...

Ədəbiyyat 09:54 / 11.04.2025 Baxış sayı: 927

Uzun gecələri

tək oturaraq,

Bəzən saatlarla fikrə dalıram.

Siqar dumanında xəyal quraraq,

Uzaq üfüqlərdə qanad çalıram.

Qonur ilahidən çiynimə pərlər,

Axsayır arxamca bir sürü maşın..

İtir gözlərimdən tozlu çəpərlər,

Yadından çıxıram,ağacın-daşın..

Başqa bir aləmdi xəyal dünyası,

Əzabdan,ələmdən canım qurtarır.

Silinir könlümdən illərin yası,

Kağızdan-qələmdən canım qurtarır.

Açıram ömrümdən bir səhifəni,

Bir az yaddaşıma sığal çəkirəm..

Qovub gözümdəki dumanı-çəni.

Özüm-öz başıma sığal çəkirəm.

Canımda hər şeyə sevgi oyanır,

Ali duyğuların təcəssümündən.

Puç olmuş ümidlər nura boyanır,

Qoca buludların təbəssümündən.

Göz açıb-yumunca keçdi gəncliyim,

Başımda min cürə küləklər əsdi.

Olmadı bir gün də könül dincliyim,

Gah isti qovurdu,gah sazaq kəsdi.

Dizinə baş qoydum hər uca dağın,

Dinlədim ruhumda dinən səsini.

Öldürdüm hamıdan güclü olmağın,

İçimdə boy atan fəlsəfəsini.

Həyat hər arzuda keyfini sürmür,

Bircə can varıydı hər şeyə ödək..

Yaxşı ki,ürəyim it kimi hürmür,

Nələr çəkməmişəm,mən ömrü gödək..

Əlimə düşəni qapıb getməyə,

Nə fikrim yarandı,nə rəyim oldu..

Uzaq səfərlərə çapıb getməyə,

Mənim köhlən atım ürəyim oldu.

Boşuna yaranmaz bir ehtişam ki..

Gəmim fırtınayla hey üz-üzədir.

Elə ölümlərdən qayıtmışam ki,

Bu gün sağ qalmağım bir möcüzədir.

Uzun gecələri

tək oturaraq,

Bəzən saatlarla fikrə dalıram.

Siqar dumanında xəyal quraraq,

Uzaq üfüqlərdə qanad çalıram.

Nə var,başqa nə var,cəmi yeddi rəng,

Yəni həyat bumu,tək elə bumu..

Xoşbəxtlik dediyin tək elə çörək,

Xoşbəxtlik dediyin tək elə sumu..