Şakir Xanhüseyn  - SONET

Ədəbiyyat 10:26 / 16.04.2025 Baxış sayı: 2917

 

İnsan əyiləndə yaşdan əyilmir,

vaxt keçir, hər olan olmur e yaşdan.

Yaşın ucbatından dizin taqəti,

qolun gücü getmir, bil bəri başdan...

 

Yaş deyil ürəyi qüvvədən salan,

gözlərin fərini alan yaş deyil...

Ancaq hər bəlamız yaşın üzündən,

elə işimiz də ondan yaş deyil...

 

Bəzən həqiqətdən uzaqlaşaraq

çox şeyi çıxırıq yaşın adına;

Yaşın üzərinə yıxırıq, əgər

bir ağrı-acımız çatmırsa sona...

 

Hər başa gələnə bir səbəb var, bax,

Yaşdan kənarda da nəsə axtaraq...