Ayaz Arabaçı: - xatirələr səhərdən könlümə dirsəklənib,

Ədəbiyyat 12:40 / 15.04.2025 Baxış sayı: 1026

 

xatirələr səhərdən könlümə dirsəklənib,

indi bir himə bəndəm gözüm yağış gözləyir..

burda ikiadamlıq çarpayımız təklənib,

amma səni hələ də bir yığın iş gözləyir..

səndə belə olurmu qətrə-qətrə azalıb,

qəfildən darıxasan mənimtək kubun-kubu.

yaxşı başa düşmədim nə dilində yazılıb,

inboksumda tozlanan üzrxahlıq məktubu.

nə qədər dilə tutsam,nə qədər qılıqlasam,

bir ayda görüşümüz cəmi beş saat etmir.

mən bu gün adamlıqdan tam təğyiri-libasam,

kimin nə deyəcəyi məni narahat etmir..

kökdən bir az düşsə də könlümün sarı simi.

əslində o qədər də məyus halda deyiləm..

yenə də qabaqkıtək ondan altıya kimi,

bir yüyənsiz küləktək küçələrdə veyiləm.

hər bir söz daşdan çıxır axtarıb tapanadək,

bu nədi,nə deməkdi,necə mübtəla olma..

gəlməyəndə bildirmə gəlmədiyin anadək,

imkan tapanda da gəl,bu qədər bəla olma.

nədi ki, ey bu şəhər ovuc boydaca yerdi,

ən azı üç küçədə adınla rastlaşmışam.

məni bir az saxlayıb axmaq suallar verdi,

bayaq sən sevmədiyin qadınla rastlaşmışam.

istəyirsən zəng edim,səsimdən biləcəksən,

sən gəlməyə borclusan..

axı mən..axı acam.

bəlkə də həftələrlə gözləyib siləcəksən,

indən belə nə yazsan açıb oxumayacam..

xatirələr səhərdən könlümə dirsəklənib,

bil ki,bir himə bəndəm gözüm yağış gözləyir..

burda ikiadamlıq çarpayımız təklənib,

amma səni hələ də bir yığın iş gözləyir..

                          15 Aprel 2019  ·