Ayaz Arabaçı - Uzanmışdım alaçıqda
Uzanmışdım alaçıqda
qatıq doğramacımı yeyib.
Külək çöldə bez kimi cırırdı gecəni.
Çadırımıza çırpırdı əlinə keçəni.
Gözlərinin acısını almış neft lampası
təzəcə oyanmışdı.
Qaranlıqda
üfüqlər narıncı boyanmışdı.
Gecədən bir ağız qurd ulartısı gəldi..
Tənbəl-tənbəl əsnədi çadırın ağzındakı
köpəyimiz..
Fınxırdı dirəyə bağlanmış atımız.
İldırım dəli inək kimi
buludları keçirib buynuzuna
bağırsaqlarını tökdü yerə.
Nənəm
"Əşədüənnəilahəillalah" deyib
çökdü yerə.
Babam əlindəki sümüklü əti
didişdirdiyi, dişlərini əvəz edən
qatlama bıçağını bir tərəfə qoyub
cibindən kirli balaca bir kitab çıxartdı.
Əlini havada gəzdirib Allahın ətəyini
dartdı.