Ayaz Arabaçı : - Lap bir az da gedəsən o qarı yara-yara..
Çaparaq gəlib çıxa,
çöldə hökm edə şaxta,
Meşənin ətəyində balaca bir otaqda.
Qışın oğlan çağında bir odun peçi yana,
Bir az tüstünün iyi, bir az alovun ətri
Keçə ürəyə-qana..
Qızılgül ləçəyitək sola günəşin üzü,
Soyuq göm-göy göyərdə ağarmış çölü-düzü,
Eşidilə küləyin boğuq kişnərtiləri,
dağların ətəyindən..
Sovura sərçələri tökə qar üstə dən-dən..
Qar yağa qucaq-qucaq,
qar yağa ətək-ətək,
Yağa lap hövsələylə ta gecə yarıyadək.
Qar yağa asta-asta, qar yağa narın-narın,
Uzana ağ saqqalı qocaman ağacların.
Stolun üzərində balaca bir şam yana.
O evdə, o otaqda hakim olasan ana!
Qorxusunu unudub məlun bir ömrün-yaşın,
Yanında üç-dörd nəfər könül dostun-sirdaşın,
Qovasan içindəki lilləmiş durğunluğu.
Çıxa bir az canından illərin yorğunluğu.
Vurub nəğmə deyəsən aradabir bu qışa,
Hörümçək toru basmış divarlar da qızışa..
Badə-badə eydirib könlümüzü sağa, qar,
Asta-asta vurasan, yavaş-yavaş yağa qar..
Qapını aralayıb
hərdən baxasan qara,
Lap bir az da gedəsən o qarı yara-yara..