Ayaz Arabaçı : - baş alıb gedirsən

Ədəbiyyat 08:04 / 18.06.2025 Baxış sayı: 1915

baş alıb gedirsən

adını belə unutmuş yollarla

ayağını basdığın hər daş

küskün-küskün, kinli-kinli inildəyir

gedirsən

qoşulub yolların bekarçılığına.

çiynində köhnə bir çanta, çantada

köhnə bir şəkil

şəkildə köhnə bir həyət,

həyətdə köhnə bir həyat-

içi çölü köhnə bir ev

qapısında qıfılı yox

külək açar külək bağlar

sən bu evin

gözlədiyi son adamsan

qonaq kimi yara kimi

və iç-içə iki otaq

nə bir lampa nə də bir səs

ancaq sükutun içində

çürüyən bir saat var

5.15-də dayanıbdır əqrəbləri

o da susqun sən də susqun

bir pencək asılıb divardakı mismardan

yəni özündən qalma bir keçmiş

əl atıb geyinsən keçmişə dönəcəksən

danışmaq istəyirsən

pəncərəylə

divarla çatlamış döşəməylə

Amma onlar cavab vermir

çünki sən cavab deyil

yalnızlıq axtarırsan

pəncərəni açırsan

kif qoxusu çəkilir

mizin üstə atılmış ağzıaçıq bir kitab

oxunmamış

bəlkə də illərdir səni gözləyir

kimsə ilk səhifədə qırmızı xətlə yazıb

gedənlər öz içində itənlərdi

ayaqlarının altında cırıldayır döşəmə

bəlkə adını soruşur kim olduğunu soruşur

qopub düşmüş kirəmit yerindən

göy üzü boylanır içəri

içindən keçir ulduzlar

sadəcə gözlərini yumursan

artır yaşamaq həvəsi

bir tavan bir divar bir də gecənin ilıq nəfəsi