Sevinc Qərib : - Ovcumda üşüyən boşluq kimi

* * *
Ovcumda üşüyən boşluq kimi
ağrıyır ürəyimin sən küncü...
Künc dediyim yumruq boyda
yaralının eni-uzunu..,
adlı-adsız cəhətlərin ünvanı...
Ağrıyır sənsizliyim,-
körpəsi ölü doğulmuş ananın
döşünü göynədən süd kimi.
Ağrıyır içim-çölüm,-
səhrada susuzluğa əsir düşən
qəribin çatlamış dodağı kimi.
Ağrıyır addımlarım,-
əsadan asılmış bədənin
sızıldayan ayaqları kimi.
Ağrıyır ümidlərim,-
havanı qucaqlamaqdan
yorğun düşmüş qollar kimi
Ağrıyır sənsizliyim...
darıxmaq bu qədər
göynədərmi adamı?!.