Tahir Rzayev, komitə sədri : - " Bəzi müəllimlər adi məsələyə aydınlıq verə bilmir."

“Hər bir müəllim savadlı olmalıdır. Çünki müəllimin savadlı, hərtərəfli dünyagörüşünə malik olması, öz fənnini mükəmməl tədris etməsi bizim gələcəyimiz üçün, uşaqlarımızın gələcəkdə mühüm yer tutması üçün çox vacibdir”.
Yenises.az bildirir ki, bu sözləri ölkədə aparılan sertifikasiya imtahanlarının çətin olması iddialarıa münasibət bildirən deputat Tahir Rzayev deyib.
O bildirib ki, ola bilər, hansısa 1-2 sualda müəyyən çətinliklər olub, ancaq bəzi müəllimlərin 10-15 faiz biliyə malik olmaları deməyə əsas vermir ki, bütün suallar çətin idi:
“Baxıram, müəllimlər var ki, 55-60 bal toplayıblar, öz fənlərini mükəmməl bilirlər. Amma bir çox müəllimlər adi sualları belə bilmirlərsə, sualların çətinliyindən gileylənmələri düz deyil. Çətin bir prosesdir, müəllimlər hazırlaşmalıdırlar. Öz üzərilərində işləməlidirlər, oxumalıdırlar. Zaman əvvəlkindən fərqlidir, hər gün dünyada yeni hadisələr baş verir. Ona görə müəllim hər gün oxumalıdır, öyrənməlidir. Hesab edirəm ki, gileylənməyə ehtiyac yoxdur”.
Tahir Rzayev onu da qeyd edib ki, bəzi müəllimlər adi məsələyə aydınlıq verə bilmir, uşağın, şagirdin sualı qarşısında aciz qalırlar:
“Belə müəllimlərin məktəbdə dərs deməsi qeyri-mümkündür. Səhvləri kiminsə üzərinə yıxmaq, sualların çətinliyindən şikayətlənmək doğru deyil.
Düzdür, bu gün müəllimlər müəyyən məsələlərdə çox yüklənirlər, bu başqa məsələdir. Amma imtahana hazırlaşmaq, mükəmməl biliyə sahib olmaq müəllimlərin borcudur. Çünki onlar uşaqlarımızın taleyi, tərbiyəsi ilə məşğul olurlar”.