AY Bəniz - QARIŞQA YUVASI

 

Ədəbiyyat 08:39 / 03.07.2025 Baxış sayı: 950

 

Dolub qarışqaya evim-otağım,

Bahar çoxdan gəlib, siz gecikmisiz.

Kim sizə bir belə ixtiyar verib,

Evimin içində yuva tikmisiz?

 

Bu nə haray-həşir, eyib deyilmi?

Yenə çağrılmamış qonaq olmusuz.

Qanad çıxarmısız kəpənək kimi,

Bəlkə gəlin gedir bir qarışqa-qız?

 

Bəlkə sevgi kimi yoxdu yeriniz,

Beləmi bildirir hicran özünü?

Yenə at oynadır sürüləriniz,

Pəncərəm uzunu, pərdəm uzunu.

 

Yatmışam sizi də verib yuxuya,

Bu gecə ovcuma dolmusuz nədən?

Bir eşqi-pünhanı sevmişəm deyə,

Əlim bala batıb bəlkə bilmədən?...