Arzu Əsəd - Otuz beş il əvvəl...

YAZARLAR 12:52 / 31.08.2025 Baxış sayı: 1873

 

Müharibə Azərbaycan xalqını bütünləşdirdi. Azərbaycanın əyalətlərində yaşayan insanları qaçqın-koçkün adı ilə mərkəzə - Bakıya yığdı, bir qərinə ərzində bütün ölkə əhalisini qaynadıb-qarışdırdı. Otuz beş il əvvəl keçmiş SSRİ-nin ən beynəlmiləl şəhəri kimi tanınan Bakı tamamilə milliləşdi. Sovetlər dövründə imperiyanın "ayır-buyur" siyasətinin yerli tətbiqi olan "rayonlu-bakılı", "şəhərli-kəndçi" söhbəti bitdi. Azərbaycan əhalisinin mədəni, sivil səviyyəsi ölkənin hər yerində eyniləşdi.

Bu gün ağzını açıb imperiya ağzı ilə şəhərli və kəndçi, qaçqın-köçkün və yerli əhali arasında ayırım yapan hər bir kəs tutduğu mövqedən, əvvəlki xidmətlərindən asılı olmayaraq insanlarımız tərəfindən haqlı olaraq meşşanlıqda, görməmişlikdə, xalqın birliyinə zərbə vurmaqda, nifaq salmaqda, gizli imperiya nökərçiliyində, hətta inoagentlikdə təqsirləndirilirlər. Amma burada da çox incə bir məqam üzə çıxır.

Etiraz edənlər içində "mən qarabağlıyam" deyən və kimisə linç etməkdə "bütün qarabağlıları bir cəbhədə birləşməyə" çağıranların səsləri bəzən fərqli notlarla çıxır. Bu artıq qaçqın-köçkün müdafiəsi yox, yeni ayırım, yeni milli təbəqələşmə atmosferi yaratmaq istəyinin qulağı cırmaqlayan, xaric səsləri kimi səslənir.

Bunu milli qürurla, doğulduğu kənd, rayon, el-oba ilə fəxr etməklə, təbii təəssübkeşliklə əlaqələndirmək istəyənlər az deyil. Əlbəttə, yerli məhəlli xüsusiyyətlərin izlərini, özünəməxsusluqlarını daşımaq, onu nəsildən-nəsilə ötürmək haqqında çox sözlər deyilə bilər. Amma hər şeyin hansı kontekstdə baş verməsinin mühümlüyünü hamı gözəl dərk edir. "Mən qarabağlıyam" ifadəsi heç bir vəchlə başqa bir bölgənin insanı ilə konfliktdə deyilməməlidir. Bu kontekstdə "mən azərbaycanlıyam", "mən insanam" ifadəsi deyilməlidir.

Qarabağı işğaldan yalnız Qarabağda doğulanlar xilas etməyib.Vətən torpağı uğrunda Azərbaycanın hər yerindən oğullarımız canını fəda edib. Qaçqın-köçkün ayırımı salmaq nə qədər pis və zərərlidirsə, qaçqın-köçkün müdafiəsinin "mən qarabağlıyam" və ya "bütün qarabağlılar etiraz etsin" devizi ilə aparılması da bir o qədər pis və zərərlidir.

Bunu nəzərə alaq, hörmətli azərbaycanlılar!