Arzu Əsəd : - Mən inanıram ki...

YAZARLAR 17:52 / 13.08.2025 Baxış sayı: 1943

Azərbaycan daha böyük geosiyasi oyunların içinə daxil olur. Böyüdükcə isə daha möhkəm təmələ ehtiyac var. Bu təməl xalq - dövlət birliyidir. Hazırda bu birlik var. Amma böyük siyasi oyunların gətirə biləcəyi çətinlikləri, gərginlikləri nəzərə alaraq bu birliyi daha da möhkəmlətmək lazımdır.

Hökumət artıq tez-tez ən müxtəlif yerlərdən eşidilən "daxili siyasəti də xarici siyasət kimi lazım olan səviyyəyə qaldırmaq lazımdır" çağırışlarını eşitməlidir. İqtisadi rifah, sosial ədalət - xalq-dövlət birliyini təmin edən əsas vasitələrdir. Allah, tarix, tale son beş ildə Azərbaycan xalqına, onun lideri İlham Əliyevə elə bir qalibiyyət bəxş elədi ki, bunun tayı-bərabəri tariximizdə yoxdur. Lakin tarix insanlığa o dərsi də verib ki, qələbəni qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Xarici düşmənlə vuruşmağın daxili düşmən olan nəfslə mübarizə aparmaqdan daha çətin olduğunu tarix boyu bütün müdriklər deyib.

İlham Əliyevin görüşləri, çıxışları, nitqləri onu göstərir ki, o, siyasətin, geosiyasətin ən incə sirlərinə bələd olduğu kimi sosial psixologiyanın, tarixi-fəlsəfi bilgilərin, insan mənəviyyatı və psixologiyasının da dərinliklərinə bələddir. O bilir ki, Azərbaycan tarixi ondan heç də 44 günlük müharibədə qazanılan zəfərdən daha az əhəmiyyətə malik olmayan yeni bir zəfəri - cəmiyyətimizin daxilində iqtisadi, sosial, hüquqi, mədəni həyatımızdakı baş verəcək uğurlu islahatları gözləyir. Bu hökmən baş verəcək! Hələ 2016-cı ildə Qarabağ hadisələri ilə əlaqədar Ali Baş Komandanımıza müraciətlə yazmışdım ki, "Versən sən verəcəksən bu xalqa bu zəfəri". Bu gün də xalqın əksəriyyəti bu daxili siyasətimizdə aparılmalı olan islahatlarla bağlı bu düşüncədədir.

Mən inanıram ki, İlham Əliyev Ali Baş Komandan statusunda olduğu kimi Azərbaycan prezidenti kimi də yenidən bütün milləti səfərbər edəcək, hər gün ekranlara çıxıb bu xalqla açıq-aydın daxili problemlərimizdən danışacaq, onların həlli istiqamətində görülən böyük işləri, uğurları xalqa çatdıracaq, beləliklə, müstəqil Azərbaycanın böyüyərkən qarşısına çıxa biləcək bütün xarici təhlükələrə qarşı sarsılmazlığını təmin edəcək dövlət-xalq birliyini daha da möhkəmləndirəcək. O bunu hökmən edəcək! Çünki illər, əsrlər sonra Azərbaycanın tarixində Qarabağ zəfəri haqqında danışıldıqda biz milyonların adı silinəcək, nəsillərimiz yalnız bir adı xatırlayacaq - İlham Əliyev adını. O bunu yaxşı bilir, ona görə də tarixdə qazandığı bu böyük zəfərin qorunub saxlanması üçün son dərəcə zəruri olan xalq-dövlət birliyini gücləndirmək məqsədilə yeni zəfərlə bitəcək növbəti mübarizəsinə - ölkədə daxili islahatların aparılmasına başlayacaq! Bunun əksi tarixin ən böyük paradokslarından biri olardı.

Bütün situasiyalarda nümayiş etdirdiyi kimi hadisələrin əsas mahiyyətini, məğzini, nüvəsini tutan bir təfəkkür sahibi olan, tarixin onun və xalqının qarşısına hansı aktual məsələləri çıxardığını və "nəyin, nə vaxt, harada" ediləcəyini yaxşı bilən və bunu əməli ilə göstərən İlham Əliyev bu paradoksun baş verməsinə imkan verməyəcək!