Arzu Əsəd -  Bunlar təsadüfdürmü?!..

YAZARLAR 11:39 / 14.09.2025 Baxış sayı: 2311

Bu gün Çingiz Mustafayevin vaxtilə cəbhədə işlətdiyi ifadələri də əsas tutaraq Azərbaycan xalqını, qaçqın və köçkünlərimizi qorxaqlıqda, vuruşmamaqda, torpaqları qoyub qaçmaqda günahlandıran təxribatçılar bilərəkdən ölkəmizə düşmən olan çevrələrin hazırladıqları plan-proqramla açıq-aşkar şəkildə ictimai rəyi çaşdırıb regionlarımızı, insanlarımızı bir-birlərinə qarşı qoymağa çalışırlar.

Həmin vaxtlarda sovetlərdən Rusiyaya irs qalmış pozucu kəşfiyyat qüvvələrinin erməni silahlı dəstələri ilə birləşərək cəbhədə, yeni-yeni formalaşdırılan ordumuzun daxilində böyük pozuculuq işləri görərək, əhalimizi tərksilah edib açıq ölümlə üz-üzə qoyduqlarını hər kəs bilir. Bu məsələ niyə bu gün belə təhrif olunmuş şəkildə gündəmə gətirilir, məqsəd nədir?

Onillərlə səbr edib, səfərbər olunub, böyük fədakarlıq və qəhrəmanlıq göstərən, torpaqlarını düşmən işğalından xilas edən müzəffər bir millətin nümayəndələrinə niyə bu gün bu sözlər deyilməlidir? Buna müsaidə etmək olmaz. Əvvəl bu millətin vətənpərvərlik hisslərini, vətənpərvər ziyalılarımızı hədəf aldılar, lağa qoydular, ədəbiyyatı, sənəti ictimai yükündən, dövlətçilik, millilik missiyasından soyundurmaq istədilər, sonra tariximizi qarışdırdılar, milli-tarixi qəhrəmanlarımıza hücum edib xalqın yaddaşından qoparmağa çalışdılar, indi də milləti, vaxtilə torpaqlarımızı məcburi şəkildə tərk edən böyük, ulu bir regionumuzun insanlarına qorxaq, vətəni təslim edən damğası vururlar.

Bunlar təsadüfdürmü, ölkə ictimai şüurunda öz-özünə, spontan şəkildə baş verən və bundan da pozucu, düşmən ünsürlərinin məkrli, sinsi şəkildə sui-istifadə etdiyi proseslərdimi, yoxsa düşmən çevrələrin çox titizliklə hazırladığı xain bir planın ardıcıl şəkildə həyata keçirilən tərkib hissələri? Susmaq olmaz! Başını dəvəquşu kimi quma basdırmaq olmaz!

Bütün qalib xalqlara xas olduğu kimi düşmən üzərində artıq qələbə çalınıb deyə ehtiyatı əldən verib təkəbbürə, eyforiyaya qapanıb içəridən bir-birini dümsukləməyə, dirsəkləməyə, beləliklə də, milli birliyin bir yerdən zədələnib yun köynək kimi didilmis ilməsinin düşmən əlində dartılıb sökülməsinə qoymaq olmaz. Selin insanı aparması üçün onun boğazına yox, dizinə catması kifayətdir. Pozucu təxribatın selini topuqdan yuxarı çıxmağa qoymamalıyıq.

Allah Azərbaycan xalqına düşmən üzərində ağır çətinliklər və fədakarlıqlar bahasına qazandığı çox böyük uğurların öz içindən belə asanlıq və anlaşılmazlıqla heçə döndürülməsi kimi tragikomik bir mənzərəni yaşatmasın!