Arzu Əsəd : - Bu, ədəbiyyatın gücüdür!
"Atan kazaklardır". Cəfər Cabbarlı təxminən bir əsr əvvəl bolşevik paltarı geyinmiş rus imperializminin ən amansız və irticaçı bir dövründə erməni və Azərbaycan xalqları arasındakı düşmənçiliyin əsil səbəbini, düsturunu, formulasını bir obrazın dililə bu iki kəlmədə göstərmişdir.
Bu, ədəbiyyatın gücüdür. Yüz il sonrakı dövr də göstərdi ki, "kazaklar atmasa" - Rusiya bu ölkələrin daxili işlərinə və bir-birlərilə münasibətinə qarışmasa, bu xalqlar, dövlətlər normal yaşayar, birgə iş görər, ticarət edər, insanların rifahı artar, neçə yüz illik amansız düşmənçiliyin kökü qurumağa doğru gedər.
Bu qarşılıqlı iqtisadi əlaqələrdən Rusiya əhalisinin özü də qazanar. Yüz minlərlə, milyonlarla insan üçün iş, qazanc imkanları açılar. Rusiya bu absurd müharibəni, imperialist müdaxilələri bitirməlidir. Zaman artıq yeni, mütərəqqi münasibətlər tələb edir. Xalqların, dövlətlərin dirənişi artır. Rusiyanın imperiya potensialı tükənib.
Hadisələr pik nöqtəsinə - nüvə silahı ilə təhdidin praktik göstərisinə gəlib çatıb. Tarixin, həyatın ədəbiyyat və sənətdə də əksini tapan süjet və kompozisiya quruluşuna görə bu kulminasiya nöqtəsindən sonra hadisə və münasibətlərin düyünlərinin açılışı başlayacaq, insanlıq bir müddət müharibə tsiklindən dinc-yanaşı yaşama tsiklinə qədəm qoyacaq. Ədəbiyyat tariximizdə də Cabbarlı, Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm kimi şair və yazıçılarımızın xalqlar dostluğunu tərənnüm edən əsərləri yeni kontekstdə, yeni təhlillərlə təqdim ediləcək.