Aida Adıgözəldən İKİ  ŞEİR

Ədəbiyyat 08:14 / 23.09.2025 Baxış sayı: 1196

İronik şeir

Sizi qırılasınız, ey zəhrimar güzgülər,

bəsdir yadıma saldız bu qara it günümü.

Bilirəm həzz alırsız mənə göstərmək üçün,

simləmiş dərdlərimin yara, qabar, düyünün.

 

Hə, bu gün də boyadım, ağarmışdı saçlarım,

hə, biraz da çoxalıb əllərimdə qırışlar.

Belə cəhənnəmə ki, yanağımda çoxalır

məni çirkinləşdirən bu uzanan cığırlar.

 

Mən çoxdan unutmuşam sağda solda olanı,

biri deyəsən ürək... canı çıxsın ağrısın.

Sağalmaq istəmirəm, gəlin, hamınız gəlin,

sarılın vücuduma, artın, artın, çoxalsın.

 

Haçandı eynəkləyəm, gözüm uzağı seçmir,

daha arzulamıram əllibeşi, altmışı.

Qocalmaq istəmirəm tənhalığın küncündə,

gəlib ölmüş tapasız arsız, başı batmışı.

 

Axşamdan lap çoxalıb infarktın simptomları,

səhərəcən gülmüşəm ağrıların səsinə.

Xərçəng "smaylik" atıb, mən də yaxınlardayam,

qulağımı tıxadım xərçəng qəhqəhəsinə.

 

Belə! Bir gün də getdi, bu tamaşa ömürdən,

yavaş-yavaş qapanır səhnənin pərdələri.

Titrək əllə açıram sonuncu poçt qutusun,

sətirlərdən tökülür əcəlin hədələri.

 

 

Xarabalıq

Çox da ağır deyil, dözmək olurmuş,

gözlərin zillənir uzaq nöqtəyə.

Bir azca əllərin havada qalır,

bir az üşüyürsən içındən keçən,

çovğuna bənzəyən sərt hənirtiyə.

 

Baxırsan dalınca könlündən uçan,

harasa üz tutan qaranquşlara.

Sonra qəm tökürsən gecələr yesin,

viranə qəlbinin uçuqlarında,

kədərdə yurd salmış kor bayquşlara.

 

Bir az ağlayırsan, bir az da peşman,

nə fərqi, dəyişən nə olasıymış.

Fitnələr sökmüşdü saray daşların,

göz-gözü görmürdü duman əlindən,

tək sənin gözünə toz dolasıymış.

 

Belə! Bu da bitdi! Salam, azadlıq!

Xoş gəldin ömrümə bulud topası,

hər gözün dolanda məni xatırla,

döyəclə qapımı, pəncərələri,

gəl qucaqla məni payız havası...